Azərbaycanda boks üzrə İBA Çempionlar Gecəsi təşkil ediləcək
Sentyabrın 28-də Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.
Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq.
51 kq-da Avropa çempionumuz Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək.
Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.
İBA Çempionlar Gecəsində üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+92 kq) isə qazaxıstanlı Nursultan Amanjolovu sınağa çəkəcək.
Yarış saat 18:00-da start götürəcək.