"Beşiktaş"ın formasıyla gələnlər "Neftçi" tribunalarına buraxılmayacaq
“Neftçi” Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində avqustun 10-da saat 21:00-da “Neftçi Arena”da Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşacaq.
mediasport.az xəbər verir ki, "Neftçi" azarkeşlərlə bağlı məlumat paylaşıb:
"Oyunla əlaqədar həm ölkəmizdə olan, həm də qardaş ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan böyük marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.
“Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq.
Qeyd edək ki, oyunun biletləri bu gün itikcet.az saytında satışa çıxarılacaq.