"Səbail" müqaviləni uzatmadı, 32 yaşında karyerasını başa vurdu
Ötən ay "Səbail"in heyətdə saxlamadığı kapitan Ağabala Ramazanov peşəkar futbolçu karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
32 yaşlı vinger belə qərar verməyin çox çətin olduğunu bildirib:
"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!".
Xatırladaq ki, ötən mövsümün əvvəlində "Səbail"in heyətində "Turan Tovuz"la matçda başından ağır zədə alan və müalicəsi 6 aydan çox çəkən Ağabala yalnız mövsümün sonunda yaşıl meydanlara qayıtmışdı.
Onun gələcəkdə məşqçiliyi öyrənməyi planlaşdırdığı bildirilir.
Xatırladaq ki, Azərbaycanın əsas yığmasında 18 oyun keçirmiş hücumçu "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt", "İnter" və "Qarabağ" klublarında da forma geyinib.