Azərbaycan boksçuları Avropa çempionatına uğursuz başlayıblar

Azərbaycan boksçuları Avropa çempionatına uğursuz başlayıblar

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı start götürüb.

Mediasport.az xəbər verir ki, yarışda tam heyətlə iştirak edən Azərbaycan milli komandası qitə birinciliyinə uğursuz başlayıb.

İlk gündə 3 idmançımızdan yalnız biri qələbə qazanıb.

63,5 kq-da yarışan Malik Həsənov 1/16 finalda Laşa Qaqnidzeni (Gürcüstan) məğlub edib.

O, 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə qarşılaşacaq. Duel aprelin 21-də baş tutacaq.

İlk gündə rinqə çıxan Tayfur Əliyev (60 kq) və Murad Allahverdiyev (80 kq) isə startdaca uduzaraq mübarizəni dayandırıblar.

AÇ-də 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançı mübarizə aparır.

Azərbaycan aprelin 28-də başa çatacaq turnirə 5-i qadın olmaqla, 17 boksçu ilə qatılıb.

Məşqçilər korpusu çempionatda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Şamil Əsgərov (57 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominges (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) də şans verəcək.

Qadın boksçuların yarışında isə rinqə Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.