"Bir qarabağlı olaraq, erməni ilə döyüşdə qalib gəlmək istəyirdim"
Azərbaycanı Polşada keçirilən III Avropa Oyunlarında layiqincə təmsil edən boksçumuz Murad Allahverdiyev yarımfinala çıxmaqla azı bürünc medalı təmin etməsi, eyni zamanda Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə fikirlərini bölüşüb.
MediaSport.az xəbər verir ki, ölkəmizi 80 kq-da təmsil edən idmançı əsas məqsədinin gələn il Fransada keçiriləcək olimpiadada qızıl medal qazanmaq olduğunu deyib.
Yarımfinala Ermənistan təmsilçisi Hambardzum Hakobyanı 5:0 hesabı ilə məğlub etməklə çıxan 21 yaşlı Allahverdiyev çox sevincli olduğunu deyib:
“Ən azı bürünc medalı təmin etməyim, xüsusən Ermənistan təmsilçisinə qalib gəldiyim üçün çox xoşbəxtəm. Bir qarabağlı olaraq, bu döyüşdə qalib gəlmək istəyirdim. Həm arzumu yerinə yetirdim, həm də olimpiadada iştirak hüququna yiyələndim. Arenada məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Azarkeşlərin dəstəyi mənə güc verdi. Bununla kifayətlənmək istəmirəm. Çempion olacağıma inanıram".
Allahverdiyevin sözlərinə görə, yarımfinalda qarşılaşacağı Qabriel Veoçiçlə (Xorvatiya) ilk dəfə üz-üzə gələcək: “Hər bir idmançıda həyəcan olur. Rəqibim də erməni olduğu üçün həyəcan çox idi və anlayırdım ki, məğlub olmamalıyam. Qorxu yox, uduzmamaq həyəcanı var idi. Qarşıda hələ iki döyüşüm var. Ümid edirəm ki, uğurla çıxış edib, onları məğlub edəcəm və qızıl medal qazanacam. Rəqiblərim barədə məlumatlıyam. Yarımfinalda üz-üzə gələcəyim xorvatiyalı idmançı əvvəllər 86 kiloqram çəki dərəcəsində çıxış edib. İlk dəfə üz-üzə gələcəyik. Ümid edirəm ki, onu da məğlub edib finala adlayacağam”.
Qeyd edək ki, Murad Allahverdiyev yarımfinal döyüşünə sabah çıxacaq.