"Neftçi" kimi böyük və tarixi klubu təmsil etmək mənimçün qürurdur"
"Böyük və tarixi klubu təmsil etmək mənim üçün əsl qürurdur. Əlimdən gələni edəcəm ki, "Neftçi"nin uğurları kömək edim".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Dieqo Valdes Samudio deyib.
Paraqvaylı futbolçu klubun yutub kanalına müsahibəsində "ağ-qaralar"a keçidindən, yeni komandasındakı məqsədlərindən danışıb:
"Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm ki, məni çox yaxşı qəbul etdilər. Sağlam rəqabətin olması komanda üçün çox xeyirlidir. Hər bir oyunçu bu təzyiqi hiss edir və özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Bizim əlimizdən gələn məşq etməkdir, qərarı verən baş məşqçidir".
29 yaşlı futbolçu "Neftçi"də əvvəllər paraqvaylı futbolçuların oynadığından xəbərdar olduğunu da söyləyib: "Bilirəm ki, "Neftçi"də bir neçə paraqvaylı oynayıb. Amma bura gəlməmişdən əvvəl onlarla danışmaq imkanım olmadı. Onlar burada özlərini necə yaxşı tərəfdən göstəriblərsə, mən də onu etməyə çalışacam".
Qeyd edək ki, paytaxt təmsilçisi yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlayıb.