"Rəqibə hörmətlə yanaşırıq, amma biz də öz gücümüzə inanırıq"

"Rəqibə hörmətlə yanaşırıq, amma biz də öz gücümüzə inanırıq"

"Sabah"ın kapitanı Elvin Camalov Mediasport.az saytının suallarını cavablandırıb.


Yay toplanışı və indiyədək keçirdiyiniz yoxlama oyunları haqda nə deyə bilərsən?

- Sloveniyada hazırlığımız planlaşdırdığımız kimi keçir. Komandada hamı həvəslə çalışır. Hamımız qarşıda bizi gözləyən vacib oyunlara tam hazır olmaq üçün məşqlərdə maksimum çalışırıq. Artıq toplanış çərçivəsində 3 yoxlama matçı keçirmişik. "Koper"ə qalib gəlib "Çukariçki" və "Krivbass"la heç-heçə etdik. Qarşılaşdığımız rəqiblərin hər üçü öz ölkələrinin güclü komandalarındandır. Fikrimcə, bu oyunlar komandada çatışmayan cəhətlərimizin müəyyənləşdirilməsi baxımından çox faydalı olacaq.

Komandanı avrokuboklara tam hazır hesab etmək olar?

- Bunu daha dəqiq məşqçilər korpusu cavab verə bilərlər. Biz onların verdiyi tapşırıqları yerinə yetiririk. Əlimizdən gələni edirik ki, qarşıdakı görüşlərə optimal formada çıxa bilək. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız uğurlu nəticəyə inanırıq.

Bir neçə gün sonra Konfrans Liqasında qarşılaşacağınız "Makkabi" əvvəlki qədər güclü deyil, maliyyə problemləri də var. Keçmək şanslarınız nə qədərdi?

- Bunu müəyyənləşdirmək çətindir. Hər komandada yay fasiləsində müəyyən dəyişikliklər olur. Dəyişikliklərin komandaya necə təsir etdiyini indidən proqnozlaşdırmaq çox çətindir. Rəqib hər mövsüm avrokuboklarda yaxşı çıxış edir, nəticələr qazanır. Rəqib haqqında sadalanan məqamlar onlar barəsində fərqli fikir yaratmamalıdır. İstənilən halda bizi qarşıda çətin oyunlar gözləyir, bunu danmaq olmaz. Rəqibə hörmətlə yanaşırıq, amma biz də öz gücümüzə inanırıq.

Yeni mövsüm üçün Premyer Liqada konkret hədəfləriniz-məqsədləriniz nə olacaq?

- Maksimum yüksək pillələrdə yer almaq. Həmişə olduğu kimi, qarşıdakı mövsümdə də bütün oyunlarda meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq. Əsas hədəfimiz hər matçda yaxşı nəticə əldə edib yarışın ilk pillələrində qərarlaşmaq olacaq. İnanıram ki, azarkeşlərimizi qələbələrimizlə sevindirə biləcəyik.

Coy-Lens Mikels komandaya qayıtdı. Səncə, o, əvvəlki kimi effektiv ola biləcək?

- Mikelsin qayitmağına çox sevinirəm. O bura yad deyil, komanda üzvlərinin böyük əksəriyyətini yaxşı tanıyır. Elə buna görə uyğunlaşmaq baxımından problem yaşamadı. İnaniram və ümid edirəm ki, yeni mövsüm həm Mikels, həm də komandamız üçün uğurlu olacaq.