"Braqa"nın nümayəndələri Bakıda "Qarabağ"ın oyununu izləyəcəklər
"Qarabağ"ın video-analitik məşqçisi Yanuş Vasilyev Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibi "Braqa"nın Portuqaliya çempionatında ev oyununu stadiondan izləyəcək.
"Köhlən atlar"ın Mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Mediasport.az saytına verdiyi məlumata görə, mütəxəssis Pireney yarımadasına fevralın 4-də yollanacaq.
"Braqa"nın "Moreyrense" ilə ev qarşılaşması fevralın 5-də, Bakı vaxtı ilə saat 00:30-da start götürəcək.
Klub rəsmisi onu da əlavə edib ki, rəqib komandanın iki nümayəndəsi ölkə çempionunun fevralın 8-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Sabah"la duelini izləmək üçün Bakıya təşrif buyuracaq.
Xatırladaq ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də Bakıda keçirəcək.