"Bu cür məlumatı açıqlamaq "Neftçi"yə qarşı hörmətsizlikdir"
"Çətin, ağır oyun oldu. Güclü rəqiblə qarşılaşdıq. Oyunçuların meydanda davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə də davam edəcəyik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Rusiyanın "Zenit" klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşü haqqında düşüncələrini bölüşüb, jurnalistlərin suallarına cavab verib.
"Neftçi" milli üzvləri olmasa da, "Zenit"ə qarşı yaxşı oyun sərgilədi. Bəs çempionatda niyə bu cür oyun alınmır, qələbələr gəlmir?
- Yaxşı sualdır. Amma bu suala cavabım yoxdur.
Bəlkə bizim çempionatda "Zenit" və "Spartak" kimi komandalar oynasın?
- Bu cür oyundan sonra üzülürəm. Çünki bütün matçlara eyni cür hazırlaşırıq. "Zenit" kimi güclü rəqibə qarşı belə oynayıb digər qarşılaşmalara fərqli yanaşma məni üzür. Sevindirici hal odur ki, Mirzov formasını yavaş-yavaş bərpa edir. Mirzov, Emin Mahmudov və digər oyunçularımızın qollarına ehtiyacımız var. Ümid edirəm ki, növbəti matçlarda da belə də olacaq.
Rza Cəfərov yaxşı performans göstərdi. Legioner limitini və Rzanın yerli olmasını nəzərə alsaq, ona bundan sonra da şans verəcəksiz?
- Bəlkə, sizə qələm və kağız verim, heyəti yazasınız? (gülür) Yaddan çıxarmayaq ki, Rzaya ilk dəfə şans verən mən idim. "Sabah"la oyunda onu meydana çıxaranda hamı məni tənqid edirdi. Sonra isə elə suallar verirdilər ki, niyə Rza oynamır? Hansısa verilişdə deyiblər ki, guya, mən gənc oyunçulara güvənmirəm, etibar etmirəm. Onu bildirmək istəyirəm ki, Rza zədədən yeni qayıdıb. Ona görə oynada bilmirdim. Bu cür məlumatı TV-də bilməyərəkdən açıqlamaq "Neftçi"yə qarşı hörmətsizlikdir.
Görünür ki, "Neftçi" və özünüz haqda yazılanları izləyirsiz. Komandanın indiki futbolçularınının adaptasiyasının gec getdiyini nəzərə alsaq, siz futbolçu kimi karyeranız ərzində hansı kluba uyğunlaşmada bu qədər uzun müddət problem yaşamısız?
- "Neftçi" kimi böyük klubda çalışıramsa, əlbəttə ki, oxuyuram. Ətrafımdakı dostlar çoxdur və yazılanları tərcümə edib, mənə deyirlər. Özüm izləmirəm, çünki azərbaycanca danışa bilmirəm. Amma gələcəkdə daha yaxından izləməyə çalışacam. Adaptasiya prosesinə gəlincə, futbolçular üçün asan deyil. Məsələn, Andre Şinyaşiki MLS liqasından gəlib və orada tələblər başqadır. ABŞ-də məğlubiyyətdən sonra onların üzərində təzyiq olmurdu. Orada buna uğursuzluq deyirlər. Amma burada liqa daha fərqlidir, daha çətindir. Tənqidlər daha çox olur.