Bu gün diqqətlər İstanbula yönəlib: Türkiyə nəhənglərinin 398-ci dueli

Bu gün diqqətlər İstanbula yönəlib: Türkiyə nəhənglərinin 398-ci dueli

Türkiyə Superliqasında 18-ci turun ikinci oyun gününə İstanbul derbisi ilə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, əzəli rəqiblər "Fənərbaxça" və "Qalatasaray" Kadıköydə amansız mübarizə şəraitində keçməsi gözlənilən qarşılaşmada üz-üzə gələcəklər.

İstanbul derbisi ilə bağlı diqqətçəkən məqamlar: 

• Hər iki kollektiv 2023/24 mövsümündə ölkə çempionatında 16 oyun keçiriblər, 14 qələbə qazanıblar, 1 dəfə meydandan xalsız ayrılıblar və 1 dəfə "sülh"ə razılaşıblar.

• İsmail Kartalın komandası rəqib qapılarına 44 qol vurub və 14 qol buraxıb. Okan Burukun çalışdırdığı "Qalatasaray" isə 32 dəfə topu tora qovuşdurmaqla rəqiblərini məyus edib və çempionatın ən az qol buraxan komandası (9) statusuna yiyələnib.

• "Sarı-göylər"in buraxdığı 14 qolun 9-u ilk hissənin sonunda və ikinci hissənin əvvəlində qeydə alınıb. "Aslanlar" isə keçirdiyi 16 görüşün yalnız 2-də ilk hissədə qapısında qol görüb.

• Komandaların arasında keçirilən son 10 qarşılaşmada 4 bərabərlik qeydə alınıb. Onlardan ikisi 0:0, biri 1:1, biri isə 2:2 hesabı ilə başa çatıb. "Fənərbaxça" 2 dəfə qələbə qazanıb. "Qalatasaray" isə əzəli rəqibi ilə oyunda 4 dəfə 3 xal əldə edib.

• Bu gün keçiriləcək derbi "sarı-qırmızılar"ın azarkeşləri üçün də əlamətdar olacaq. Onlar 3 il 10 aydan - daha dəqiq desək, 2019/20 mövsümünün ikinci yarısında - 23 fevral 2020-ci ildə keçirilən prinsipial qarşılaşmadan sonra Kadıköydə "aslanlar"ı dəstəkləyəcəklər.

• Tərəflər arasında baş tutan ən bol qollu matç ölkə çempionatının 5 iyun 1983-cü tarixində gerçəkləşən oyunu olub - 4:4. Eyni nəticə Türkiyə Kuboku çərçivəsində 7 fevral 2001-ci ildə baş tutan yarımfinal mərhələsində də qeydə alınıb.

• "Fənərbaxça" əzəli rəqibi ilə qarşılaşmada qazandığı ən böyükhesablı qələbədə "Qalatasaray"ın qapısından 6 cavabsız qol keçirib. "Aslanlar"ın eyni statistikada göstəricisinə nəzər yetirdiyimizdə, 7:0-lıq qələbəyə sevindiyini görə bilərik.

• Maraqlıdır ki, tərəflər arasında baş tutan 397 duelin 74-ü 1:0, 49-u isə 2:1 hesabı ilə yekunlaşıb.

• Əzəli rəqiblər arasında 21 sentyabr 2003-cü ildə baş tutan qarşılaşmanı 70 min 125 azarkeş izləyib. Bu, derbi tarixinə rekord göstərici kimi düşüb. 17 noyabr 1922-ci ildə keçirilən matçı isə cəmi 14 azarkeş izləyib.

Türkiyə Superliqası. 18-ci tur

20:00 "Fənərbaxça" - "Qalatasaray"

Rövşən