Çempionlar Liqasında oynayacaq Ayşən Əhmədova: "Məndən Azərbaycan haqda soruşurlar"

Çempionlar Liqasında oynayacaq Ayşən Əhmədova: "Məndən Azərbaycan haqda soruşurlar"

Mediasport.az qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Ayşən Əhmədovanın Sportal.az saytına müsahibəsini təqdim edir.

Ötən mövsüm Türkiyədə "Fomget" klubunun heyətində çempionluq yaşayan və sonra Yunanıstanın PAOK klubuna keçən Əhmədova yeni komandası barədə fikirlərini bölüşüb.

PAOK Yunanıstanın ən böyük klublarından hesab edilir. Demək olar ki, bu komandaya transfer edilməklə, karyeranın ən iddialı və böyük klubuna keçmiş oldun?

- Təbii, hər bir futbolçu kimi, mənim də məqsədlərim var. İndiyə qədər oynadığım bütün komandalarda ən yaxşısını etməyə çalışmışam. Karyeram ərzində ən iddialı klublar "Fomget" və PAOK olub.  

Maraqlıdır ki, PAOK-da oynamış və bu klubun diqqətini cəlb edən kişi futbolçumuz yoxdur. Bu məsələyə münasibətin necədir?

- Düşünürəm ki, kişi futbolunda da inkişaf var. Hər şey yavaş-yavaş olur. Daha da yaxşıya doğru gedəcək. Təbi iki, yalnız pozitiv düşünürəm. 

PAOK Çempionlar Liqasında iştirak edəcək. Klubun bu turnirdəki iddiası nədən ibarətdir?

- Komandamız Yunanıstan çempionu olub deyə, doğrudur, ÇL-də iştirak edəcəyik. Bizim birinci hədəfimiz qrupdan çıxmaqdır. Bunun uğrunda mübarizə aparacağıq. Buradakı səviyyə kifayət qədər yaxşıdır. 

Salonikidə yaşayışın necədir, Yunanıstana öyrəşmisən?

- Bəli, artıq öyrəşmişəm. Burada hər şey yaxşıdır. Salonikidə insanlar çox istiqanlı və mehribandır. Bu səbəbdən də elə tez öyrəşmişəm.

Futbolçularımız üçün dil baryeri olur. Maraqlıdır, səndə belə problem var, yoxsa ingilis dilində danışırsan?

- Dil baxımından problem yaşamıram. 

Artıq komandanın düşərgəsinə qoşulmusan. Səni necə qarşıladılar?

- Məni burada çox yaxşı qarşıladılar, hamı mehriban və gülərüzdür. Bu, məni çox sevindirir. Əvvəlcədən tanıdığım futbolçu yoxdur burada. Ancaq özümü tək hiss etmirəm. Komanda yoldaşlarım çox mehribandır, daim ünsiyyətdəyik.

PAOK-dakı məşqçilər, futbolçular səndən Azərbaycan millisi və ya Azərbaycan haqda nəsə soruşurlar? Onları Bakıya dəvət etmisən?

- Bəli, komandada məndən Azərbaycan haqda soruşurlar. Ölkəmiz yetəri qədər gözəl və qonaqpərvərdir. Onlara Azərbaycana gələcəkləri təqdirdə, ölkəmizi çox sevəcəklərini söyləmişəm. PAOK-da 5-6 ölkədən legioner oyunçu var. Kollektivdə yaxşı ab-hava var.