"Azərbaycanla heç vaxt üz-üzə gəlməmişik, oyunlarına nabələdik"
İsveçrənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Pia Sundhage AVRO-2025-in seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Mediasport.az xəbər verir ki, 64 yaşlı isveçli mütəxəssis B Liqasının I qrupunda mübarizə aparacaqları Azərbaycan, Türkiyə və Macarıstan milliləri haqqında fikirlərini bölüşüb.
Yerli futbol federasiyasının rəsmi saytına danışan təcrübəli çalışdırıcı Azərbaycan yığması barədə tam informasiyaya malik olmadıqlarını bildirib:
"Final mərhələsi ölkəmizdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başlayır, bu, əladır. Rəqiblərdən 90 dəqiqə yaxşı mübarizə aparan Macarıstanı, oyunlarda daha az qol buraxan Türkiyəni qeyd edə bilərəm. Azərbaycanla isə heç vaxt qarşılaşmamışıq. Ona görə oyunlarına bələd deyilik".
Qeyd edək ki, AVRO-2025-in seçmə qrup mərhələsinin oyunları aprel-iyul aylarında baş tutacaq və milli komandamız ilk görüşünü aprelin 5-də səfərdə Macarıstan seçməsinə qarşı keçirəcək.