"Dəlilin varsa ortaya qoy, yoxdursa, sus və İstanbuldakı yarışa hazırlaş"
İtaliyalı sərbəst güləşçi Frank Çamizo Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyi iddiası ilə çıxış edib.
Mediasport.az xəbər verir ki, idmançının səsləndirdiyi fikirlərə Azərbaycan Güləş Federasiyası ilə yanaşı, final döyüşündə məğlub olduğu Turan Bayramov da cavab verib:
"Məğlubiyyəti qəbul etməyi də bacarmaq lazımdır. Boş və dəlilsiz ittiham sürmək Çamizo kimi tanınmış idmançıya yaraşmaz. Dəlilin varsa ortaya qoy, yoxdursa, sus və İstanbuldakı yarışa hazırlaş".
Qeyd edək ki, həmyerlimiz 8:8 hesabı ilə başa çatan dueldə daha yaxşı fənd tətbiqi və xalların keyfiyyətinə görə "Paris-2024"ə vəsiqəni əldə edib.
İtalyan pəhləvan sonradan sosial şəbəkə hesabında paylaşım edərək, həmçinin ölkəsinin mətbuatına açıqlama verərək, ona Bakıda Turan Bayramova uduzması üçün 300 min dollar rüşvət təklif edildiyinə dair iddialar səsləndirib.