Qurban Qurbanov və Nihad Quluzadə finala vəsiqə qazanıb
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala çıxıb.
Mediasport.az xəbər verir ki, Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) sabah qızıl medal uğrunda mübarizə aparacaq.
Final yolunda Nihad Quluzadə Dinislam Bammatovu (AİN), Qurban Qurbanov Leon Rivaltanı (İtaliya) məğlub edib.
Yarımfinala yüksəlmiş digər təmsilçimiz Ruslan Nurullayev (72 kq) isə Georgi Çixikvadzeyə (Gürcüstan) 4:5 hesabı ilə uduzub. O, sabah bürünc medal üçün güləşəcək.
Bu gün yarışa qoşulan Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) təsnifat mərhələsində məğlub olub.
Onların uduzduqları rəqiblər finala vəsiqə qazansalar, təmsilçilərimiz təsəlliverici görüşlərə qatılacaqlar.
Bu gün, həmçinin, yığmanın 4 üzvü medal görüşünə çıxacaq.
Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) isə təsəlliverici qarşılaşmada rumıniyalı Patrik Qordanı sınağa çəkəcək.
Azərbaycanın ümumilikdə 27 güləşçi ilə qatıldığı qitə birinciliyi mayın 26-da başa çatacaq.