"Komanda ağlı yox, fərdi ağıl yox, məşqçi zəkası heç yox" - DEPUTAT

"Komanda ağlı yox, fərdi ağıl yox, məşqçi zəkası heç yox" - DEPUTAT

Milli Məclisin deputatı Fazil Mustafanın Türkiyənin "Qalatasaray" klubu haqqında tənqidi paylaşımı diqqət çəkib.

Mediasport.az xəbər verir ki, Millət vəkili İstanbul nəhənginin UEFA Çempionlar Liqasında mübarizəni dayandırması barədə statusunda "aslanlar"ı "Qarabağ"la müqayisə edib.

SİTAT:

 "Mourinyo düz deyir. Belə komandalar ÇL-ə çıxıb nə edəcəklər? Komanda ağlı yox, fərdi ağıl yox. Məşqçi zəkası heç yox. Komandanın guya beyni sayılan Toreyranın 20 topundan 15-i rəqibə gedir.

“Qarabağ” 3:0 uduza bilər, hətta növbəti oyunda yenə də uduza bilər, ancaq tökülməz, sistemi pozulmaz, tamaşaçının futbol zövqünü korlamaz.

Bircə Luçeskunun vaxtında “Qalatasaray” bir sistem komandası olub. İkardi kimi manekenləri alıb futbolçu kimi sırıyırlar zavallı fanatlara. Muslera da özünü İstanbulun məhəllə uşağı kimi apardı. Televizorda baxanları başa düşürəm, başqaları hələ bir stadiona da gedib vaxtlarını itirirlər. Söhbət udub-uduzmaqdan getmir, savadsız, sistemsiz oyundan gedir.

İnanın ki, “Qarabağ”ın 3:0 məğlub olduğu oyundan mən zövq aldım. Cəsur, ürəkli, fəqət, şanssız! Hələ ki, “Qarabağ” bu cür oynayır, Azərbaycanda Türkiyə komandalarının fanatı olmağı anlamaq çətindir. Əlbəttə, qardaş ölkəmizin sadəcə təəssübkeşi kimi bu oyunları izləməyə sözüm yox!".

Xatırladaq ki, ötən həftə İsveçrədə "Yanq Boys"a 2:3 hesabı ilə məğlub olan "Qalatasaray" dünən İstanbulda baş tutan cavab görüşündə də rəqibinə uduzaraq (0:1) ÇL-də mübarizəni dayandırıb.

Azərbaycan çempionu "Qarabağ" isə "Dinamo" ya (Xorvatiya) qarşı cavab matçını bu gün keçirəcək.