Azərbaycanlı keçmiş nazir: "Deyəsən o da oyuna görə xəcalət çəkirdi"
Azərbaycan Respublikasının keçmiş xarici işlər naziri Vilayət Eyvazov futbol üzrə milli komandamızın dünən AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveç yığmasına 0:5 hesablı məğlubiyyətinin ardından 2005-2007-ci illərdə Polşaya 3 dəfə "quru hesabla" uduzudğumuzu xatırlayıb.
mediasport.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən diplomat millimizdən elə o vaxt - Polşa ilə qarşılaşmadan sonra ümidini üzdüyünü yazıb.
V.Quliyevin paylaşımında kifayət qədər hərf, məna səhvi olsa da, düzəliş etmədən paylaşırıq:
Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə.
Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.
VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
-Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
-Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.
2007-ci ilin aprelində milli komandamız yenə Polşa ilə qarşılaşmalı oldu. Bundan əvvəl "ev matçını" Bakıda 0-3 hesabı ilə uduzmuşduq.
Üçüncü qarşılaşmanı da Varşavada 5-0 hesabı ilə uduzduq. Beləliklə, 3 oyunda 16 cavabsız top.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil eyni komandaya üçüncü dəfə "quru hesabla" uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...
Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...
P.S. Yol verilmiş yanlışlıq düzəldi.