Ehtiram Quliyevdən VACİB GÖSTƏRİŞ: "Turan Tovuz"da yenilik

Ehtiram Quliyevdən VACİB GÖSTƏRİŞ: "Turan Tovuz"da yenilik

Premyer Liqada liderlər qrupunda yer alan və hədəfləri böyüyən "Turan Tovuz" əhatə dairəsini genişləndirmək istiqamətində mühüm addım atıb.

Qərb təmsilçisi Müşahidə Şurasının sədri Ehtiram Quliyevin göstərişi ilə bir neçə yaxın kəndi birləşdirən Qaraxanlıda klub akademiyasının nəzdində yeni qrup açıb.

Qonşu kəndləri əhatə etməklə fəaliyyətə başlayan qrupun yaradılmasında məqsəd yerli futbolçu bazası və kütləviliyin artırılması, həmçinin istedadlı uşaqların diqqətdə saxlanılmasıdır.

"Turan Tovuz"un Uşaq futbolunun inkişafı üzrə direktoru Eltay Aslanov açıqlamasında qrupda hələlik 40-da çox uşağın futbolun sirrlərini öyrənməyə başladığını qeyd edib:

"Sentyabrın 1-dən məşqlərə başlamışıq. Məqsədimiz regionda kütləviliyə nail olmaqdır. Paralel olaraq, digər kəndlərdə də axtarışlarımızı davam etdiririk. Burada seçiləcək, ən yaxşı, istedadlı uşaqları akademiyaya cəlb edəcəyik. Oraya məşqçilər təyin etmişik. Özümüz - akademiya məşqçiləri də həftədə iki dəfə gedib uşaqların məşqləri ilə tanış oluruq, baxırıq. Yeni başlamışıq, inkişaf edən uşaq görən kimi akademiyaya aparıb saxlayacağıq".

Klub rəsmisi uşaqların lazımi bütün təchizatla təmin edildiyini bildirib:

"Uşaq futbolunun inkişafını xüsusi nəzarətdə saxlayan rəhbərliyimiz, şəxsən Ehtiram müəllim bu işə ciddi maraq göstərir. Ətraf kəndlərdə əhali sayı çoxdur deyə qrupu ilkin olaraq Qaraxanlıda açdıq. Burada uşaqların rahat məşq etmələri üçün lazım olan bütün şərait yaradılıb. Uşaqlar həftəiçi 5 saat məşq keçirlər, şənbə günü ikitərəfli oyunlar olur".

E.Aslanov uşaq futbolunun inkişafı istiqamətində layihələrin davam etdiriləcəyini vurğulayıb:

"Təbii ki, bununla kifayətlənməyəcəyik. Növbəti layihəmiz Əyyublu kəndində olacaq. Orada da əhalinin sayı 17 mindən çoxdur, qrup açmaq istəyirik.

İmkansız, maddi durumu aşağı olan ailələrin uşaqlarının futbolla məşğul olmaları, istedadlarının üzə çıxarılması üçün əlimizdən gələni edirik və bu, davamlı hal alacaq. Bilirsiz ki, rayonlarda, kəndlərdə istedadlı uşaqlar çoxdur. Tovuz da daim futbol şəhəri olub. Axtarışlarımızı maksimum geniş arealda davam etdiririk".

Mediasport.az