Elxan Məmmədov FİFA-nın səhvinə görə üzrxahlıq məktubu göndərdi
FİFA DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasında yaşanan hadisəyə münasibət bildirib.
Mediasport.az xəbər verir ki, qurum Krımın Rusiya ərazisi kimi təsvir olunduğu dünya xəritəsinin nümayişi ilə bağlı şikayət edən Ukrayna Futbol Assosiasiyasından (UAF) üzr istəyib.
FİFA-nın şikayətçi tərəfə məktubu qurumun üzv assosiasiyalarla əlaqələr üzrə baş direktoru, AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovun imzası ilə göndərilib.
Sənəddə yanlışlığın haradan qaynaqlandığı əksini tapıb:
“Bu infoqrafik xəritə üçüncü tərəf olan xarici xidmət provayderi tərəfindən hazırlanıb. Bu problem üzə çıxdıqdan dərhal sonra vəziyyəti düzəltmək, şəklin dövriyyədən çıxması üçün lazım olan addımlar atdıq. Gələcəkdə belə səhvlərin bir daha baş verməməsi üçün təhlillər aparırıq.
Belə məsələnin həssaslığını bilirik və hadisənin bilərəkdən baş verməməsinə baxmayaraq, vura biləcəyi mənəvi zərərə görə səmimi qəlbdən təəssüflənirik".
Ukrayna püşkatmada Azərbaycan, İslandiya və Fransa - Xorvatiya cütünün qalibi ilə eyni qrupa düşüb.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi sosial şəbəkə hesablarında xəritədə düzəldilmiş videodan kadr yayımlayaraq Ukrayna tərəfinin bu səhvə görə FİFA-dan ictimaiyyət qarşısında üzr istəməsini gözlədiklərini qeyd etmişdi.