"Çatışmayan cəhətlərimiz kifayət qədərdir, qələbəyə layiq idik"
“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə çox cərimə qazandıq və 5 foul limitini erkən doldurduq".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.
O, AVRO-2026-nın əsas mərhələsinin ilk oyunu çərçivəsində İsveç yığması ilə görüşü dəyərləndirib. Borisov 3:3 hesablı matçı belə şərh edib:
"Foul limitindən sonra öz oyunumuzu oynaya bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı. İkinci hissədə daha yaxşı oynadıq.
Uşaqların oyununu bəyəndim. Epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdı.
Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Matçın başa çatmasına 2 saniyə qalmış hesabı bərabərləşdirsək də, uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”.
Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, autdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu oyunda qələbəyə layiq idik.
Yeni komanda qururuq. Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz də kifayət qədərdir. Bu gün heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyerasını başa vuracaq. Ona görə gəncləri tapmalı, onları öyrətməliyik”.