"Futbol kralı" ilə vida mərasimi “Santos”un stadionunda keçiriləcək
Dünən dünyasını dəyişən "Futbol kralı", əfsanəvi Pele ilə vida mərasimi doğma San-Pauluda - “Santos”un stadionunda keçiriləcək.
mediasport.az xəbər verir ki, Braziliyalı üçqat Dünya çempionunun vida mərasimi üçün lazımlı avadanlıqların stadiona gətirilməsinə başlanılıb.
Mərasim 2 sutkanı əhatə edəcək.
Dünya futbolunun "sönən ulduzu" San-Pauluda müalicə aldığı klinikada vəfat edib. O, 3 dəfə - 1958, 1962, 1970-ci illərdə Dünya çempionu olmuş yeganə futbolçudur. Pele Braziliya yığmasının heyətində 92 oyuna 77 qol vurub. FİFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
21 illik klub karyerası iki adla bağlıdır. 1956-cı ildən 1974-cü ilə qədər vətənində "Santos", 1975-ci ildən 1977-ci ilə qədər isə Nyu-Yorkda "Nyu-York Kosmos"un formasını geyinib. 560 görüşdə 541 dəfə rəqib qapılarına yol tapıb. Ümumilikdə isə karyerası ərzində 1279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.