Ramiz Məmmədov: "Futbolçular tapşırıqları yerinə yetirə bilmədilər"
“Oyunun gərgin keçəcəyini gözləyirdik. Premyer Liqa klubuna qarşı oynayırdıq. ”Səbail”in güclü olduğunu bilirdik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ramiz Məmmədov deyib.
1-ci Liqa klubunun çalışdırıcısı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Səbail"lə oyunu haqda danışıb.
Təcrübəli mütəxəssis Bayıl təmsilçisinə 0:6 hesablı məğlubiyyəti belə şərh edib:
"Rəqibin sürətli, texnikalı futbolçuları çoxdur. İlk yarıda aparıcı oyunçulara istirahət vermişdi, gücü ikinci hissəyə saxlamışdılar. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. Təcrübəsizliklərini göstərdilər. Buna baxmayaraq, komandamın oyunundan heç bir narazılıq yoxdur. Bizim məqsədimiz bəllidir, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik. İşimiz də bu yöndə gedir. MOİK-lə oyundan sonra komandamızda yeni adlar görəcəyik. Güclənməyə ehtiyac var. “Səbail”ə də gələcək oyunlarda uğurlar arzu edirəm”.