"Hədəfimiz hər zamankı kimi böyükdür, hamı məqsədimizi bilir"
"Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyirik".
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun mətbuat xidmətinə açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi bu gün başa çatan Avstriya toplanışı və hazırlıq çərçivəsində keçirilən son iki yoxlama oyunu barədə fikirlərini bildirib:
“Hazırlıq prosesinin həm Bakıda, həm Avstriyada gerçəkləşən mərhələsi planlaşdırdığımız şəkildə baş tutdu. Texniki heyət və futbolçular arasında anlaşma yüksək səviyyədə olduğundan toplanış da istədiyimi kimi keçdi. Hamımızın məqsədi eynidir. Çempionlar Liqasında uğura imza atmaq, Azərbaycanı və “Qarabağ”ın adını layiqincə təmsil etmək, azarkeşlərimizi sevindirmək istəyrik.
Ümid edirəm ki, əməyimizin bəhrəsini avrokuboklarda görəcəyik. “Slaven” və “Əl-Şəbab” ilə matçlarda istədidiklərimizin böyük hissəsini göstərə bildik. Öz oyunuma gəlincə, formamı bərpa etmək üzrəyəm və tezliklə istənilən səviyyəyə çatacam”.
Kabo-verdeli futbolçu Ağdam təmsilçisinin məqsədinə toxunub və azarkeşlərə səslənib:
“Hədəfimiz hər zaman olduğu kimi böyükdür. Hər kəs məqsədimizi bilir. Bunun üçün çalışırıq ki, istəyimizə çataq. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onları yenə arenaya gəlməyə və yanımızda olmağa çağırıram. Stadiona gəlin və hədəfimizə bir yerdə çataq”.
Xatırladaq ki, Azərbaycan çempionunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi "Linkoln"la ilk görüşü iyulun 23-də səfərdə olacaq.
Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.