Azərbaycandan qalmaqalla ayrılan futbolçu bölgə klubunda oynayacaq

Azərbaycandan qalmaqalla ayrılan futbolçu bölgə klubunda oynayacaq

Bu ilin yanvarında qanında Hepatit B virusu aşkarlandığına görə “Kəpəz”dən göndərilən Abdullahi Şuaybu Azərbaycana qayıdıb.

Mediasport.az xəbər verir ki, 22 yaşlı vinger “Qəbələ“də baxışdadır.

6 aydan çoxdur futbol oynamayan nigeriyalı ilkin baxışdan uğurla keçib və analizinin cavabı qənaətbəxş olub.

Bugünlərdə yenidən qan analizi verəcək Şuaybuda problem aşkarlanmasa, karyerasını 1-ci Liqa klubunda davam etdirəcək.

Xatırladaq ki, Gəncə klubundan meneceri Dmitri Selyukun açıqlamaları sonrası qalmaqalla ayrılan afrikalı Azərbaycana 2022-ci ilin yayında “Şerif”dən gəlib.

Ukraynalı meneceri onun sağlamlıq testlərinin dəyişdirildiyini və qorxulu xəstəlik daşıyıcısı olduğunu açıqlamışdı. Hətta Baş Prokurorluq məsələ ilə bağlı AFFA-ya məktub da ünvanlamışdı.

Agentin ölümcül xəstəliyi olmayan futbolçuya qarşı kampaniya aparmasının əsl səbəbi aralarının pozulması imiş.

O, "Kəpəz"in heyətində 45 oyun keçirib, 13 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.