“Gənclik” stansiyası sabah gücləndirilmiş qrafikdə çalışacaq
Bakı metropoliteninin “Gənclik” stansiyası “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Norveçin “Molde” komandasına qarşı keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Mediasport.az saytına Bakı metropoliteninin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək.
Stansiyada paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Gücləndirilmiş iş qrafikində çalışacaq stansiyada sərnişinlərin arenaya rahat yollanması və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunacaq və stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz və rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Qatarların hərəkət qrafiki gün ərzində qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranacağı təqdirdə, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.
Bakı metropoliteninin “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu saat 20:45-də start götürəcək.