"Mənə görə, İqora qırmızı vərəqə verilməli idi, ancaq qapıçılarımız dedi ki, "qırmızı"lıq epizod deyil"
"Mənim fikrimə görə, "Kəpəz"in qapıçısına qırmızı vərəqə verilməli idi. Ancaq bizim qapıçılar həmin epizoda baxandan sonra dedilər ki, "qırmızı"lıq epizod deyil. Yəni, fikirlər fərqlidir. Əsas odur, hakimlər düz olanı bilsinlər".
Mediasport.az xəbər verir ki, bu sözləri "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Kəpəz"lə səfər matçını şərh edib:
"Adil Şükürovun gəlişindən sonra "Kəpəz" kifayət qədər yaxşı çıxış edir, oyunlarında inkişaf var. Çətin matç alındı, heyətdə rotasiyalar etmişdik. Lakin bu, "Sabah"la qarşıdakı kubok oyununa görə deyildi. Öz proqramımıza uyğun addım atırıq. Sıx qrafikdəyik, 3-4 gündən bir oynayırıq".
Baş məşqçi Cica və Benzianın zədələri barədə bunları deyib: "Fikrimcə, Cicanın zədəsi ciddi olmamalıdır. Yorğunluqdan idi bəlkə də. Amma Benziada vəziyyət fərqlidir, həqiqətən ciddi zədə aldı. Qaşı partlamışdı, tikiş qoyuldu. Hətta müvazinətini saxlaya bilmirdi. Yekun rəy həkim müayinəsindən sonra veriləcək".
Qeyd edək ki, Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.
Ayxan