"Hər iki oyun çətin olacaq, inanıram ki, azarkeşlərimizi sevindirəcəyik"

"Hər iki oyun çətin olacaq, inanıram ki, azarkeşlərimizi sevindirəcəyik"

Azərbaycan yığması və “Sabah”ın futbolçusu Elvin Camalov Mediasport.az saytına müsahibə verib:


Premyer Liqada birinci dövrə başa çatdı. Geridə qalan 9 oyun haqda fikirləriniz necədir - komandanızın çıxışını necə dəyərləndirirsiz?

- Çempionata yaxşı başlamışdıq. Lakin təəssüf ki, sonrakı oyunlarda istədiyimiz nəticələri qazana bilmədik. Demək olar ki, çempionatda zəif rəqib yoxdur. Bütün komandalar müsbət nəticə üçün sona qədər mübarizə aparır. Buna görə də hər oyunun öz çətinliyi var.

"Sabah" birinci dövrəni 8-ci pillədə tamamladı. Komandanın gözlənildiyindən zəif çıxış etməsinin əsas səbəbini nədə görürsüz?

- Çempionat hələ yeni başlayıb. İlk dövrə geridə qalıb. 1-ci dövrədə qarşılaşdığımız rəqiblərin hamısı ilə daha 3 oyunumuz var. Əlbəttə, istər azarkeşlər, istərsə də medianın bizdən gözləntiləri böyükdür. Bu, sevindirici haldır. Bunu ötən mövsümdə və cari mövsümün əvvəlində sərgilədiyimiz oyunlarla qazanmışıq. Oyun baxımdan zəif çıxış etdiyimizi deməzdim. Ən azından 1-2 oyunu çıxmaq şərtilə qarşılaşdığımız rəqiblərdən oyun baxımdan geri qalmamışıq. Hətta üstün oyun sərgiləmişik. Qısa zamanda meydandakı üstünlüyümüz tabloda da əksini tapacaq.

Aleksey Kaşşukla Coy-Lens Mikelsin getməsi komandanın uğursuz çıxışına nə dərəcədə təsir göstərdi?

- Hər iki futbolçu ötən mövsüm gümüş medal qazanmağımızda böyük rol oynadı. Bu, futboldur. Bu gün bu klubdasansa, sabah başqa yerdə oynaya bilərsən. Fikrimcə, yayda komandaya kifayət qədər yaxşı futbolçular qoşulub. Tezliklə onların köməyilə də yaxşı nəticələr qazanacağımıza inanıram.

Yeni transferlərin "Sabah"a tam uyğunlaşmaları üçün onlara nə qədər vaxt lazımdır?

- Futbolda uyğunlaşmaq üçün zamana ehtiyac duyulur. Bəzi oyunçular dərhal adaptasiya olur, bəzi futbolçular isə müəyyən vaxta ehtiyac duyur. Bu, oyunçudan-oyunçuya dəyişə bilər.

Qarşıdakı oyunlarda komandanın hazırkı vəziyyətini dəyişmək mümkün olacaq?

- Buna inanıram. Hamımız məhz bunun üçün çalışırıq.

"Sabah"ın cari mövsüm üçün əsas hədəfləri nələrdir?

- Hər oyundan müsbət nəticə ilə ayrılmağa çalışırıq. Sonra isə qarşıdakı oyunlara köklənirik. Düzü, məqsədimiz oyundan-oyuna artırmaqdır.

Sizin də heyətində olduğunuz Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində Estoniya, ardınca Avstriya milliləri ilə qarşılaşacaq. Fikirləriniz necədir?

- Hər iki oyun çətin olacaq. Mübarizə aparmaq şansı qazansam, müsbət nəticə üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, azarkeşlərimizi sevindirəcəyik.


Rövşən