"Yerli məşqçiyə vaxt versələr, nəticələr indikindən də yaxşı olar"

"Yerli məşqçiyə vaxt versələr, nəticələr indikindən də yaxşı olar"

“Bu gün millimizin Avstriya ilə oyunu çox maraqlı olacaq. Düşünürəm ki, yığmamız rəqibə qarşı yaxşı oyun nümayiş etdirə biləcək. Futbolçular Estoniya ilə oyundakı səfər qələbəsindən sonra matça yaxşı əhval-ruhiyədə çıxacaqlar”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu yığmamızın bu axşam xal qazana biləcəyini dilə gətirib: “Avstriya güclü rəqibdir, ağır oyun olacaq. Oyunun favoriti onlardır. Ancaq fikirləşirəm ki, ev oyununda Azərbaycan Avstriyaya başağrısı ola bilər. Həmin oyunda xal qazana bilərik”.

Əmirquliyev “Yığmamız F qrupunu üçüncü pillədə tamamlaya bilər?” sualına belə cavab verib: “Məncə, Azərbaycan millisinin qrupu 3-cü yerdə bitirməsi bir az çətin məsələdir. Rəqiblər də zəif deyil. Onların arasında bizim "dişimizə" görə olan təkcə Estoniya idi. Onlarla da ev oyunumuzda xal itirdik. Buna görə fikirləşirəm ki, komandamız qrupu 4-cü pillədə başa vuracaq. Lakin ümid həmişə var. Yığmamıza uğurlar arzu edirəm! Hazırda qəliz görünsə də, istəyərdim ki, qrupdan çıxaq".

O, milli komandada yerli baş məşqçinin tərəfdarı olduğunu bildirib: “Həmişə demişəm, yenə də təkrarlayıram: Azərbaycan millisində yerli mütəxəssis çalışmalıdır. Mənim şəxsi fikrim belədir. Yerli mütəxəssis olsa, düşünmürəm ki, indikindən pis nəticə qeydə alınar. Ən azından Canni de Byazinin göstərdiyi nəticələri yerli mütəxəssis də göstərə bilər. Ad çəkmək istəmirəm, ancaq millidə işləyə biləcək çoxlu baş məşqçimiz var. Sadəcə, həmin şəxsə bir az vaxt versələr, bəlkə də nəticələr indikindən də yaxşı olar”.

34 yaşlı futbolçu AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanan Türkiyə millisindən də söz açıb: “Türkiyə millisinin də oyunlarını izləyirəm. Onlar son 2 matçda həm Xorvatiyanı (1:0), həm də Latviyanı (4:0) məğlub etdilər. Qrupdan çıxdılar. Bu, bizim üçün də sevindirici haldır. Türkiyəyə uğurlar arzu edirəm!”.

Rövşən