"Hər xırda epizodda penalti, cərimə zərbəsi versə... " - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan Premyer Liqasının 32-ci turununun "Neftçi" ilə səfər oyunu haqda fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, komandasının 4:2 hesablı qələbəsini şərh edən təcrübəli mütəxəssis penalti epizodunda əsəbləşməsinə aydınlıq gətirib.
“Bəzən olub hakimlərə etirazımı bildirmişəm. Hər xırda epizodda penalti, cərimə zərbəsi versə... Onların əlində o qədər qanunlar var ki, nə qədər də desən, doğrunu göstərəcəklər. Çox aqressiv deyildim. Soruşurdum, deyirdi ki, təzə qanunlar var. Belə matçlar çətin keçir. Bir az narazılığımı bildirdim”.
Qurban Qurbanov azarkeşlərə təşəkkür edib: “Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Həm sayları, həm səsləri futbolçulara kömək oldu. Oyun da onların istədiyi kimi alındı. Qələbə qazanmağı çox istəyirdik. Nəticəni nəzərə almasaq və oyunu analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi. Baxmayaraq ki, “Neftçi” azlıqda qalmışdı, xeyli qol epizodu oldu. Sona kimi məğlub olmaq istəmədi. Hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə bir matç alındı. Qarşıdakı oyunlara hazırlaşmağa çalışacağıq”.