I və II Divizion klubları hansı stadionlarda oynayacaqlar? - SİYAHI

I və II Divizion klubları hansı stadionlarda oynayacaqlar? - SİYAHI

AFFA İcraiyyə Komitəsi yeni mövsümdə yarışların 3 liqada keçirilməsi barədə qərar verdi. Bölgələrdə klubların sayı artdı, ölkə futbolunun coğrafiyası genişləndi.

Lakin belə böyümək özü ilə problemlər də gətirəcək. Ölkənin futbol infrastukturu bu yükə tam hazır deyil. Klublar stadionlar tikməli, mövcud arenaları təmir etməlidir. Yalnız belə olduğu halda səviyyəli yarışdan, maraqlı mübarizədən danışa bilərik. Aşağı liqaların özünün və iştirakçılarının güclənməsi ümumi inkişafa töhfə verə bilər.

Növbəti mövsümdə xeyli problemlər müşahidə edəcəyik. PFL hər nə qədər klubları daha yaxşısına məcbur etsə də, qüsurlarsız keçinmək mümkün olmayacaq. Lakin bir mövsüm müəyyən çatışmazlıqlara göz yumub daha yaxşısı üçün çalışmağa dəyər.

Bəs, aşağı liqa klubları yeni mövsümə harada başlayacaq? Kiçik araşdırma apardıq və bəlli oldu hələ də problemi olanlar var.


I Divizion

“Şamaxı” – Şamaxı şəhər stadionu

“Qaradağ Lökbatan” – Lökbatandakı Olimpiya Kompleksinin stadionunda çatışmazlıqlar var. Bu üzdən PFL bu arenanı qəbul etmək istəmir, problemlərin aradan qaldırılmasını gözləyir.

MOİK – Binə stadionu

“Mingəçevir” – Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

“Zaqatala” – Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

“İrəvan” – “ASK Arena”

“İmişli” – Heydər Əliyev adına İmişli şəhər stadionu

“Difai Ağsu” – Ağsu şəhər stadionu

“Araz Saatlı” – Saatlı Olimpiya İdman Kompleksinin stadionu

“Karvan” – Yevlax şəhər stadionu


II Divizion

“Füzuli” – Horadiz İdman Kompleksinin stadionu

“Göygöl” – Göygöl Olimpiya İdman Kompleksinin stadionu

“Ağdaş” – Ağdaş Olimpiya İdman Kompleksinin stadionu

“Sportinq Baku” – Binə stadionu

“Qusar” – Bu komandanın harada oynayacağı sual altındadır. PFL qusarlılara problemin həllin üçün vaxt verib.

“Marxal Şəki” – Şəki Olimpiya İdman Kompleksinin stadionu

“Şəfa Baku” – Bu komanda “ASK Arena”da oynamaq istəyir. Lakin hələ qərar verilmədiyindən sual açıq qalır.

“Cəbrayıl” – “AZAL Arena”

“Lerik” – Problemi olan daha bir komanda da PFL-dən vaxt istəyib.

“Kürmük Qax” – Qax Olimpiya İdman Kompleksinin stadionu

“Şəmkir” – Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

“Kür-Araz” – Heydər Əliyev adına İmişli şəhər stadionu


İcraiyyə Komitəsinin son iclasında qəbul etdiyi qərarlardakı xüsusi qeyd maraqlıdır. Orada yazılıb: “I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunsun”.

Bu o deməkdir ki, aşağı liqalardakı iştirakçıların siyahısı ən son variant deyil. Komandalar problemləri həll etməsə, yarışlardan uzaqlaşdırılmaları mümkündür. Belə olarsa, I Diviziondan kənarlaşdırılanları II Divizionun ən yaxşıları əvəz edəcək. II Divizionda tələblərə cavab verməyənləri əvəz etmək üçün isə daha bir neçə namizəd komanda var, hətta sayın 10-a endirilməsi mümkündür. Və bunun üçün İcraiyyə Komitəsinin iclasını keçirməyə gərək yoxdur, haqqında bəhs etdiyimiz qeyd PFL-ə qərar vermək hüququ tanıyır (futbolinfo.az).