"Köhlən atlar"dan səfərdə nə gözləyək? - Mütəxəssislər danışır
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simone Sozza idarə edəcək.
Bakıvaxti.az saytı görüşlə bağlı idman mütəxəssislərinin fikirlərini öyrənib.
“Mediasport.az” saytının baş redaktoru Elvin Əhəd Bakıvaxtı.az-a bildirib ki, "köhlən atlar" müdafiədə diqqətli olmalıdır:
"Bakıdakı oyunun nəticəsinə baxsaq, bugünkü matçın daha ağır və çətin keçəcəyini proqnozlaşdıra bilərik. Rəqibin ötən həftə səfərdə qələbə qazanıb bu gün evdə meydana sərfəli nəticə ilə çıxacağına əsasən, görüş bizim üçün bir qədər də ağır olacaq. Bilirik ki, bu axşam "Ludoqorets"in iki əsas siması - hücumçular Kayo Vidal və Bernard Pektemek oynamayacaq. Ona görə meydan sahiblərinin Bakıdakı kimi, yenə oyunu müdafiədən qurub əks-hücumlara bel bağlayacağını düşünürəm”.
Müsahibimiz hesab edir ki, heyətlərində kifayət qədər təcrübəli və texnikalı futbolçuları olduğundan hər an əks-hücuma çıxıb fərqlənə bilərlər. E.Əhəd "Qarabağ"dan isə əksinə - ənənəvi hücum futbolu, topa nəzarət gözləyir:
“Baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, lazım olan nəticə üçün mümkün bütün risklərə gedəcəyik. Rəqib kifayət qədər təcrübəli, sanballı komandadır, 9 ildən çoxdur ardıcıl avrokubokların qruplarında çıxış edirlər. Lakin "Qarabağ" bundan qat-qat güclü, səviyyəli kollektivlərlə dəfələrlə üz-üzə gəlib və öz oyununu diqtə edən tərəf olub. Ötənilki "Bayer" nümunələri yetərlidir, məncə. Ona görə hesab edirəm ki, komandamız pley-offa vəsiqə qazana biləcək. Hər bir halda müdafiədə diqqətli olmaq, rəqibin sürətli əks-həmlələrinin qarşısını səliqəli formada almaq lazımdır".
İdman jurnalist Daşqın Əziz isə rəqib komandanın istəyinə çatdığını qeyd edib: Onun Bakıvaxtı.az-a dediyinə hörə, bugüknü oyun çox çətin olacaq:
"Ludoqorets" ilk matçda istəyinə çatıb. Lakin 2:1 hesabı rəqib üçün qaranti deyil. "Qarabağ"ın səfər oyunlarında da necə təsir bağışladığını, ilk görüşdə məğlub olsa da, cavab qarşılaşmasında geridönüş etdiyinin şahidi olmuşuq. Bu səbəbdən bizi 90 dəqiqə ərzində çox gərgin mübarizə gözləyir. Böyük ehtimalla, Bolqarıstan təmsilçisi oyunun ilk dəqiqələrində bir qol vurub, daha da rahatlaşmağa çalışacaq. Ardınca da matçda tempi öldürməyə cəhd göstərəcək. Necə ki bunu bacardıqlarını Bakıda gördük”.
"Qarabağ" Bolqarıstana tam heyətlə yollanıb. Bu üzdən müsahibimiz ümid edir ki, bu gün sevinən tərəf Ağdam təmsilçisi olacaq.
İdman jurnalisti Kənan Məstəliyev isə Bakıvaxtı.az-a deyib ki, ilk qarşılaşmada olan məğlubiyyət "Qarabağ"ın qurduğu planları pozub. Qurban Qurbanov və oyunçular matça yaxşı hazırlaşsalar da "Ludoqorets" də güclü komanda idi:
“Onlar da Bolqarıstanın "Qarabağ"ı sayılır. Sanki daş qayaya rast gəlib. Sərt oyun sərgiləsələr də komandanın da boşluqları vardı. Çempionlar Liqasının oyununda Qurban Qurbanov rəqib komandanı izləmək üçün Bolqarıstana getmişdi. Həm oyunda, həm də meydanımızda "Ludaqorets"i izləyərək əsas nüansları diqqətə aldı. Reallığı danışsaq, rəqib komandanun qalib olma ehtimalı yüksəkdir . Amma "Qarabağ"ın səfərdə yaxşı oynadığını bilirik . Düşünürəm ki, komandamız güc toplayıb qalib gələrək turu keçə bilər. Oyun tərzinə gəldikdə isə, fikrimcə "Qarabağ" oyun planında ciddi dəyişikliklər etməyəcək. “Qarabağ” hücum oyunu oynayacaq. Düşünürəm ki, matçın 90 dəqiqəsi "Qarabağ"ın üstünlüyü ilə davam edəcək.
"Qarabağ"ın keçmiş futbolçusu, ekspert Aslan Kərimov Bakıvaxtı.az-a oyunun "göy-ağlar" üçün daha rahat keçəcəyini proqnozlaşdırdığını deyib:
"Düşünürəm ki, cavab oyunu Bakıdakından daha rahat keçməlidir. Buna səbəb rəqib komandanın əsas oyuncularından birinin Bakıda zədə almasıdır. Digər komanda üzvü isə qırmızı vərəqə almasına görə o da oyunu buraxmalı olacaq. Hətta Bolqarıstan komandası mərkəz müdafiəçisini satıb. Bir sözlə, bütün bu olanlar “Qarabağ”ın xeyrinə hesablana bilər. “Köhlən atlar”ın diqqət edəcəyi əsas məqamlar isə rəqibin əks hücumlar və standart vəziyyətləridir".