"Ona görə də rəqiblər bizə ciddi yanaşırlar" - Elşad Quliyev
"Komandada ümumi vəziyyət çox yaxşıdır. İlk dəfədir ki, dünya çempionatında iştirak edəcəyik. İnanıram ki, Vətənə də indi olduğumuz kimi, gülərüzlə qayıdarıq".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev yığma komandanın dünya çempionatına yolasalma mərasimində jurnalistlərə açıqlamasında deyib.
Rəqiblərin hər birini analiz etdiklərini bildirən baş məşqçi əlavə edib: “Onların oyun taktikası haqqında tam olmasa da, bir qədər məlumatımız var. Fikrimcə, daha güclü qruplara düşə bilərdik. İlk oyundan çox şey asılıdır. Qrupun fiziki durumu məhz bu matçda bəlli olacaq”.
Mütəxəssis əsas məqsədin qrupdan çıxmaq olduğunu bildirib: "Daha da irəliyə gedəcəyimizə inanıram. Favorit olaraq ilk beşlikdə bizim komandamız da var. Ona görə də rəqiblər bizə ciddi yanaşırlar. Ən yaxşı şəkildə oynamalı və özümüzü göstərməliyik".
Elşad Quliyev Bəxtiyar Soltanovun hazırda heyətdə olmaması ilə bağlı məsələyə aydınlıq gətirib: "Səhhətində müəyyən problemlər olduğu üçün heyətimizdə iştirak edə bilmədi. Ümid edirəm ki, gələcək oyunlarda meydana çıxa biləcək".