"Kollektivin xarakteri var, bunu dəfələrlə göstəriblər" - Baxşıyev
"Bilirdik ki, ağır oyun olacaq. İki həftə ərzində "Qarabağ"la üçüncü matça çıxdıq. Komandanı motivasiya etmək, mikrozədələri bərpa etmək böyük güc tələb edi".
mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Mütəxəssis 1:0 hesabı və komandasının yarımfinala çıxması ilə nəticələnən oyun haqda fikirlərini bildirib:
- Məşq prosesində komandam xarakter göstərirdi. 90 dəqiqə layiqli mübarizə apardıq. Komandam "Qarabağ"a qarşı sona kimi vuruşdu.
Kubokda ən ciddi rəqibi mübarizədən kənarlaşdırdız. Avrokuboklara vəsiqə qazanmaq üçün çempionata, yoxsa kuboka önəm verəcəksiz?
- İndi nə mən, nə də komanda bu haqda düşünür. Ən önəmlisi bu matçın həzzini çıxarıb, çempionatdakı sonuncu görüşə hazırlaşmaqdır. Çalışacağıq ki, hər iki turnirdə uğurlu olaq.
Hesabda öndə olarkən meydana hücumameyilli oyunçular buraxdız. Bunun səbəbi nə idi?
- Heyətimiz geniş deyil. Rövlan Muradovu müdafiəçi kimi oynatdıq. Əvəzetmələr məcburiyyətdən edilir. Ehtiyat oyunçular skamyasında lazım olan mövqeni dolduracaq futbolçular yoxdur. Amma komanda olaraq narahat deyilik. Kollektivin xarakteri var, bunu dəfələrlə göstəriblər.
Heyətinizin geniş olmaması baş məşqçi kimi sizi narahat etmir?
- Ümidli olmağa çalışırıq. Ümidsiz işləməyə dəyməz. Akakpo zədəsini sağaldıb kollektivə qoşulandan sonra rəqabətli komanda olacağıq. Amma transferlər də olsa, çox sevinərəm. Çempionat uzundur. Buna görə ehtiyat oyunçular skamyası geniş olmalıdır.
Rüfətlə Akakpo nə vaxt komandaya qoşulacaq?
- Akakpo bizimlə fərdi məşq edir. Ümidliyik ki, təlim-məşq toplanışında o da iştirak edəcək. Rüfətin isə fevral ayından sonra komandaya qoşulması gözlənilir.
Emil Səfərov son matçlarda yaxşı çıxış edir. Artıq onun əsas heyət üzvünə çevrildiyini düşünmək olar?
- Hələ inkişaf etməlidir. Emilin potensialı var. Hələ pik formasına çatmayıb. Yaxşı futbolçuya çevrilmək üçün üzərində çox çalışmalıdır.