"Komandam “Sivasspor”la oyunda xarakter nümayiş etdirdi"
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Səbail" növbəti yoxlama görüşündə "Sivasspor"la qarşılaşıb.
MediaSport.az xəbər verir ki, Bayıl klubunun baş məşqçisi Şahin Diniyev Superliqa təmsilçisi ilə oyunda qeydə alınan 1:1 hesablı bərabərlikdən sonra matç haqqında fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis kifayət qədər çətin rəqiblə qarşılaşdıqlarını deyib:
"Əslində, bu qədər ağır məşqlərdən sonra komandamın yorğun olacağını düşünürdüm. Lakin bütün kollektiv “Sivasspor”la qarşılaşmada xarakter nümayiş etdirdi, hətta deyərdim ki, gözlədiyimdən də yaxşı oyun göstərdi. "Sivasspor" Türkiyə Superliqasının güclü komandaları sırasındadır. Sevindirici haldır ki, komandam rəqibdən çəkinmədi, olduqca inamlı mübarizə apardı. Futbolçularımız taktiki cəhətdən ağıllı oyun nümayiş etdirdi. Hücumlarda daha dəqiq olsaydıq, qələbə də qazana bilərdik. Qarşılaşma ərzində çox sayda qol imkanını əldən verdik. Maraqlı səslənsə də, qələbəyə biz daha yaxın idik. Futbolçularıma göstərdiyi xarakter və maraqlı oyuna görə təşəkkür edirəm. Ümumilikdə götürsək, bütün futbolçular toplanış dövründə hər bir tapşırığa məsuliyyətlə yanaşır. Həm nizam-intizam, həm də oyun baxımından komandamızda inkişaf nəzərə çarpır. Bu hələ başlanğıcıdır. Daha yaxşı oynamaq üçün potensialımız var”.