"Ludoqorets"in İKİ ƏSAS siması "Qarabağ"la görüşü buraxacaq

"Ludoqorets"in İKİ ƏSAS siması "Qarabağ"la görüşü buraxacaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 6-da Bakıda baş tutmuş "Qarabağ" - "Ludoqorets" görüşündə ciddi zədə alan Bolqarıstan klubunun hücumçusu Bernard Tekpetey cavab matçında meydanda olmayacaq.

Mediasport.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Kevin Medina ilə toqquşmadan sonra meydanı xərəkdə tərk edən qanalı forvard əməliyyat olunub.

Avstriyada cərrahi müdaxilə edilən afrikalının təxminən 4 həftə sonra məşqlərə başlaya biləcəyi ehtimal edilir.

Razqrad təmsilçisi Azərbaycan çempionu ilə cavab duelində digər bir əsas forvardı - braziliyalı Kayo Vidalın da xidmətindən istifadə edə bilməyəcək.

Bakıdakı qarşılaşmanın 89-cu dəqiqəsində meydandan qovulan 24 yaşlı "sambaçı" UEFA tərəfindən minimum 1 oyunluq cəzalandırılacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda 1:2 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası Bolqarıstanda reallaşacaq cavab oyununu avqustun 13-də keçirəcək.