"Komandaya demişdim ki, sizdən bir nəticə istəmirəm"
"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Premyer Liqanın 13-cü turunda "Zirə"ni məğlub (1:0) etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
mediasport.az xəbər verir ki, klub rəhbəri əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
- Sevincim qələbə ilə bağlı deyildi. Qolun gözəlliyinə görə yerimdən qalxdım. Bu gün daha çox istəkli idim. Bir növ komandada hər şey edilirdi, lakin son nöqtəni qoya bilmirdilər. Bu gün alındı.
Son oyunlardakı şanssızlıq sizdə ümidsizlik yaradırdı?
- Oyunları təhlil etmək istəmirdim. Hər oyuna baxsaq, razılaşarsız ki, yaxşı futbol sərgiləmişik. "Şamaxı" ilə oyunu çıxmaqla qalan hamısında imkanlarımız oldu. Pis çıxmasın, bu gün "Zirə"nin 1 dənə epizodu olmadı. Bizdə isə 5-6 qol fürsəti yarandı. Özümdən yox, futbolçularda inamsızlıq yaranmasından qorxurdum.
Matç azarkeşsiz keçirildi...
- Çox pis idi. Azarkeşsiz futbol yox kimidir. Sakitçilik adama qəribə gəlir.
Ötən mövsümlə müqayisədə, bu il komandanın oyununda sanki eniş var.
- Futbolçular meydanda çalışır. Məşqçilərlə də danışırıq. Çatışmayan cəhətləri müzakirə edirik. Epizodlarımız olur, lakin son nöqtəni qoya bilmirik.
Klubun maliyyə durumu nə yerdədir?
- Bizim üstünlüyümüz, bəxtimiz onda gətirdi ki, UEFA-dan avrokuboklardakı iştiraka görə pul aldıq. İndi də büdcə üzrə pullar verilir. Büdcənin artırılması məsələsi bu mövsümlük bağlanıb.
Qış fasiləsində yeni oyunçular cəlb ediləcək?
- Xeyr, güclənməyimiz üçün büdcə lazımdır - o da yoxdur. Futbolçularımızı da satmayacağıq.
Elmar Baxşıyevin gələcəyi ilə bağlı məsələ nə yerdədir?
- Bizim məşqçilərlə aramızda səmimiyyətimiz, inamımız var. Elmar Baxşıyevə böyük inamım var. Arzulayıram ki, ona böyük büdcə ilə komanda tapşıraq. Onun işini görürəm.
AFFA klublara Müşahidə Şurası yaratmağı təklif edib. Sizin buna münasibətiniz nədir?
- Müşahidə Şurası məsələsi tövsiyə edilmişdi. Bu büdcə ilə dəyişikliyə ehtiyac görmürəm.
Avrokuboklar üçün perspektivi necə görürsüz?
- Ötən il də bu məsələni çox danışdıq. Komandaya demişdim ki, sizdən bir nəticə istəmirəm. Gözəl, baxımlı futbol oynayın. Düşünürəm ki, bu il heyətimiz daha güclüdür. Avroliqada oynayıb, uğur qazanmaq şansımız az olsa da, getmək lazımdır. Bu, büdcəyə də xeyir verir. Medalçı olsaq da, olmasaq da, avrokuboklara vəsiqə qazanmağa çalışacağıq.