Fariz Nəcəfov: "Konfrans Liqasında iştirak etməyə layiqik" - MÜSAHİBƏ

Fariz Nəcəfov: "Konfrans Liqasında iştirak etməyə layiqik" - MÜSAHİBƏ

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov futbol üzrə Azərbaycan Kubokunun "Neftçi" ilə final oyunundan sonra mediasport.az saytının suallarını cavablandırıb.

Klub rəhbəri əvvəlcə 1:0 hesabı ilə qalib olduqları final haqqında fikirlərini bildirib:

- Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm.

Heyəti qoruyub saxlamaq çətin olmayacaq?

- Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq.

Baş məşqçi yeni transferlərlə bağlı sizə müraciət edib?

- Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.

Büdcə ilə bağlı dəyişiklik var?

- Xeyr. Ciddi bir dəyişiklik yoxdur.

"Qəbələ"nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?

- Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.

Legionerlərinizə təkliflər çoxdur, onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?

- Məndə olan məlumata görə legionerimizin ilk danışıq aparacağı klub "Qəbələ"dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.

"Qəbələ" iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.

Elmar Baxşıyev "Qəbələ"də qalacaq?

- Əlbəttə.


Elvin