Milli komandaların baş məşqçisi "Gəncə" Voleybol Akademiyasında

 Milli komandaların baş məşqçisi "Gəncə" Voleybol Akademiyasında

Yeniyetmə və gənc qızlardan ibarət voleybol üzrə milli komandaların baş məşqçisi Şahin Çatma "Gəncə" Voleybol Akademiyasının istedadlı idmançıları ilə görüşüb.

Mediasport.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşdə "Gəncə" klubunun Elvar Osmanov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Gəncə Şəhər Təşkilatının  sədri Bayram Aslanov, eləcə də, Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov da iştirak ediblər.

Görüş çərçivəsində Şahin Çatma yeniyetmə voleybolçulara öz məsləhətlərini verib, onları maraqlandıran sualları cavablandırıb. Məşqçi idmançılara voleybolun texniki və taktiki incəlikləri, komanda prosesində çalışma zamanı üzə çıxan çətinliklərin aradan qaldırılması yolları və peşəkar idmançı olmağın əsas prinsipləri barədə məlumat verib. 

Uşaq voleybolunun önəminin xüsusi vurğulandığı görüşdə "Gəncə"nin Azərbaycan Voleybol Federasiyasının "Volleyball Kids" layihəsinə verdiyi davamlı dəstək xüsusi vurğulanıb.

Layihənin əsas məqsədi uşaq və yeniyetmələr arasında voleybolun kütləviliyinə nail olmaq, istedadlı idmançıların aşkara çıxarılması və onların peşəkar idman aləminə qazandırılmasıdır.