Musa: "Gənc futbolçunun nəticəsi varsa, maraqlanan olur" - MÜSAHİBƏ
"Qarabağ"ın hücumçusu Musa Qurbanlı başa çatan futbol üzrə Azərbaycan Premyer Liqasının 36-cı turunun "Turan Tovuz"la (3:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
mediasport.az xəbər verir ki, son görüşdə də fərqlənərək liqada qol sayını 21-ə çatdıran və bombardirlik yarışında komanda yoldaşı Ramil Şeydayevdən 1 top geri qalan gənc forvard geridə qalan mövsümü dəyərləndirib, perspektiv barədə fikirlərini bölüşüb.
- Hər mövsümün öz çətinliyi var. Asan mövsüm olmur. Burada bizim 1 illik əziyyətimiz var. Bizim meydandan kənarda çəkdiyimiz əziyyətlər, məşqlər görünmür. Bütün mövsümlərdə futbolçuların, məşqçilərin, klubun işçilərinin zəhməti var. Ona görə də hər il çempion olanda çox böyük sevinc yaşayırıq. Bu il bizə "Sabah" bir az çətinlik yaratdı. Bu da bizi sevindirir. İstəyərdik ki, "Neftçi", "Zirə", "Qəbələ" və digər klublarımız da çox inkişaf etsinlər, çempionatımız maraqlı olsun. Bu, bizə ancaq xeyir verə bilər.
Bombardirlik yarışında komanda yoldaşın Ramil Şeydayevə 1 top fərlqə çata bilmədin, üzüldün?
- Xeyr, əlbəttə ki, hər oyun qol vurmaq istəyirəm. Elə matç olmayıb ki, bunu istəməyim və cəhd etməyim. Bu gün də o oyunlardan biri idi. Kim istəməz ki, bombardir olsun? Amma çox məyus olmuram. Şükür Allaha ki, 21 qol vurdum. Bombardir Ramil Şeydayev oldu. O da kənar adam deyil, özümüzünküdür. Onun üçün çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş.
Yayda Avropaya gedişin baş tuta bilər?
- Hələ ki, bu haqda dəqiq qərar verilməyib. Çempionatın bitməsini gözləyirdik.
Son qərarı özün verəcəksən, yoxsa Qurban Qurbanov?
- İkimiz bir yerdə qərar verəcəyik. Nəticədə gedib oynayası olan mənəm. Amma atamın da qərarı olmadan addım atmaram. Əlbəttə ki, onunla məsləhət olunacaq. Çünki atamın həyatda və futbolda təcrübəsi məndən qat-qat çoxdur.
"Qarabağ"da qalsan, yeni mövsümdə səni komandanın əsas hücumçusu kimi görə bilərik?
- Bunu mən deyə bilmərəm. Mənim işim meydana çıxıb oynamaqdır. Onu zaman göstərəcək.
Ölkə çempionatında 21 qol vurdun, amma avrokuboklarda qolun yoxdur. Bu maneəni nə vaxt keçəcəksən?
- Ölkə çempionatında 30-dan çox oyunum var. Avrokuboklarda isə demək olar, 2 matçda oynamışam. Oynadıqca düzələr, inşallah.
"Zalsburq", "Poqon" klubları ilə adın hallanırdı, təkliflər realdır?
- Təklifi kluba göndərirlər, mənim özümə yox. Rəsmi təklif olsa, yəqin ki, xəbərimiz olar. Maraqlananların olması normaldır. Çünki gənc futbolçunun nəticəsi varsa, maraqlanan olur. Mən bunu ümumi məlumat olaraq bilirəm.