Naxçıvanda beynəlxalq reytinqli şahmat turnirinə start verilib
Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq reytinqli şahmat turnirinə start verilib.
Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Mediasport.az saytına verilən məlumata görə, açılış mərasimində muxtar respublikanın gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov və təhsil nazirinin müavini Ovni Muradov yarışla bağlı təəssüratlarını bölüşüb, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd edilib ki, Naxçıvan köklü şahmat ənənələrinə malikdir, regionun əlverişli şahmat infrastrukturu, bu sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq bu idman növündə davamlı uğurlar əldə olunur. Naxçıvanın müxtəlif vaxtlarda ölkəmizin və dünyanın bir çox tanınmış şahmatçılarının iştirakı ilə keçirilən önəmli tədbirlərə ev sahibliyi etdiyi bildirilib. M.Seyidov əlavə edib ki, bu yarışla birgə muxtariyyətin 100 iliyi münasibətilə il ərzində müxtəlif turnirlərin, tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sonra yarışın baş hakimi Fikrət Sideifzadə ölkənin nüfuzlu şahmat regionu olan Naxçıvana növbəti səfərindən məmnunluğunu ifadə edib, reqlamentlə bağlı məlumatları diqqətə çatdırıb.
M.Seyidov və O.Muradov tərəfindən turnirin rəmzi ilk gedişi edildikdən sonra görüşlərə start verilib.
İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə 63 şahmatçı qatılıb. Yarışda qadın qrossmeyster Zeynəb Məmmədyarova, Fariz Əhmədov, Türkiyədən Efe Kul Özdəmir, paytaxt Bakı və muxtar respublikanın müxtəlif regionlarından şahmatçılar iştirak edirlər.
Yanvarın 15-də yekunlaşacaq turnirdə ilk üç yerin sahibləri və müxtəlif nominasiyaların qaliblərinə diplom, eləcə də pul mükafatı təqdim olunacaq. Yekun nəticələr beynəlxalq reytinq hesablamaları üçün FIDE-yə göndəriləcək.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil olan yarış Azərbaycan Şahmat Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.