"Dördüncü qapıçı olmaqdansa..." - Lunyov "Nyukasl"a niyə keçməyib?
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyanın "Sport 24" saytına maraqlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, rusiyalı qolkiper İngiltərə Premyer Liqa təmsilçisi "Nyukasl"a nə üçün keçmədiyindən danışıb:
"Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Qarabağ”da əsas qapıçı kimi çıxış etmək daha yaxşıdır. Demək olar ki, 33 yaşım var, buna görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərədə çıxış etmək olar. Onda ehtiyat oyunçular arasında oturub matça baxa bilərsən. "Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır".
Qeyd edək ki, Lunyov Almaniyanın "Bayer" klubunda çıxış edərkən İngiltərə təmsilçisi onunla maraqlanıb.
Rusiyalı "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün qalibi olub.
32 yaşlı qolkiper cari mövsümdə keçirdiyi 26 oyunda 35 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.