"Şərait və maddi baxımdan rəqiblərimiz bizdən üstündür" - Kapitan zədəsini sağaldıb
"Şükürlər olsun, qış fasiləsindən sonra çempionata çox yaxşı başlamışıq. 3 oyuna 2 qələbə yaxşı nəticədir. Məğlub olduğumuz oyunda da "Qarabağ"a qarşı layiqli müqavimət göstərdik. Bu nəticələr bizi aldatmamalıdır. Qarşıda çox oyunumuz var".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Kəpəz"in əsas kapitanı Vurğun Hüseynov deyib.
Hər oyunun çətin keçdiyini bildirən 35 yaşlı futbolçu "sarı-göylər"in azarkeşlərinin haqlı tələbindən söz açıb:
"Hər matça final görüşü kimi baxırıq. Həm oynadığımız oyun, həm də qazandığımız nəticələr yaxşı olduğuna görə azarkeşlər bizdən daha yaxşı oyun və nəticə tələb edirlər. Biz də onların etimadını doğrultmaq üçün var gücümüzlə həm məşq edirik, həm də oyunlara hazırlaşırıq".
Təcrübəli müdafiəçi komandadaxilində yüksək mehribanlığın, sağlam və güclü kollektivin formalaşdığını qeyd edib. Zədə səbəbindən az şans qazanan Hüseynov artıq tam sağalmaq üzrə olduğunu və baş məşqçinin verəcəyi şansı maksimum dəyərləndirməyə çalışacağını vurğulayıb:
"Komandanın ən təcrübəli futbolçusuyam. Oynayıb-oynamamağım fərq etmir, komandamın yanındayam. Zədəm yoxdur, amma hələ tam hazır deyiləm. İnşallah, növbəti oyunlara qədər hazır olsam, oynaya bilərəm. İstər məşqdə, istərsə də görüşlərdən öncə "Kəpəz"in yaxşı nəticə qazanması üçün əlimdən gələni edirəm. Bu gün kim hazırdırsa, oynamağa layiqdirsə, o da oynayır. Şükürlər olsun, elə kollektivimiz var ki, oynayan və ya oynamayan hər kəs yaxşı nəticə istəyir. Bu da bizim daha sağlam, güclü kollektiv olmağımıza gətirib çıxarır".
Kapitan "Kəpəz"in Premyer Liqada qalacağına inandığını bildirib:
"Əsas məqsədimiz təbii ki, Elitada qalmaqdır. Həm şərait, həm də maddi baxımdan rəqiblərimiz bizdən çox üstündür. Mehriban və güclü kollektivimizin hesabına liqada qalarıq, inşallah. Bunun üçün meydanda nə lazımdırsa, edəcəyik".
Xatırladaq ki, Adil Şükürovun komandası hazırda Premyer Liqanın turnir cədvəlində 20 xalla doqquzuncudur.
Rövşən