"O, komanda üçün önəmli oyunçu idi, amma özü qərar verdi və getdi"
"Neftçi"nin futbolçusu Kenni Sayef klub televiziyasına müsahibə verib.
mediasport.az xəbər verir ki, ABŞ-dan olan 30 yaşlı yarımmüdafiəçi müasir futbolun təkcə ayaqla oynanılmadığını deyib:
"Futbolda başdan da istifadə etmək lazımdır. Baş məşqçinin verdiyi tapşırığa uyğun oynayıram. Yeni mövqelərdə özümü sınamağı xoşlayıram. Toplanışın əvvəlində bir çox oyunçumuz zədəli oldu. Bizimlə tam məşq keçə bilmədilər. Buna baxmayaraq, bizim üçün çox faydalı hazırlıqdır. Bir-birimizi həm meydanda, həm də kənarda daha yaxşı tanımağa başlayırıq. Ümumi götürsək, hər şey qaydasındadır".
Sayef Portuqaliyanın "Arouka" klubuna keçən Yusuf Lavalın "Neftçi"ni tərk etməsinə belə münasibət bildirib: "Ona hər şeyin ən yaxşısını arzulayıram. Komandamız üçün önəmli oyunçulardan idi. Amma özü qərar verdi və getdi, buna hörmətlə yanaşırıq. Yusufu çox sevirik. Onun gedişinin komandaya təsir edib-etməyəcəyini zaman göstərəcək. Rəsmi oyunlar başladıqdan sonra bunu görə biləcəyik. Biz futbolçuyuq, meydanda tapşırıqları yerinə yetiririk. Digər məsələlər baş məşqçinin işidir".