"Məncə, "Neftçi"nin qeyri-stabil çıxışı davam edəcək" - MÜSAHİBƏ

"Məncə, "Neftçi"nin qeyri-stabil çıxışı davam edəcək" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının keçmiş futbolçusu, mini-futbol liqasında debüt edən "İnter"in üzvü Rauf Əliyev Mediasport.az saytına müsahibə verib.


Karyeranızı "mini" bərpa etdiz. Liqanın ilk turunda “İnter”lə "Sumqayıt"a 4:2 hesabı ilə qalib gəldiz, qollardan ikisini də siz vurduz. Təəssüratlarınız necədir?

- Qələbə qazandığımız üçün sevinirəm. Mini-futbol çempionatını daha əvvəl ekran vasistəsi ilə izləmişdim. Maraqlı çempionatdır. Onsuz da futbolçu karyeramız zamanı yığışıb hardasa "dır-dır" oynayırdıq. Hər şey əla idi.

Sabiq milli yoldaşlarınız ilə uzun müddət sonra yenidən bir komandada olmaq, rəsmi səviyyədə futbol oynamaq necə hisslərdir?

- Hardasa bir ay olar məşqlərə başlamışdıq. Həftədə ən azı 1-2 dəfə məşq edirdik, yoldaşlıq görüşlərinə çıxırdıq. Biz bir yerə yığışanda çox maraqlı olur. Keçmişi yada salırıq, futbol oynayırıq. Gözəl hisslər idi.

Azərbaycan Premyer Liqasını da izləyirsiz, yəqin. Geridə qalan 15 tur haqqında nə deyə bilərsiz?

- Baxıram, çempionat maraqlı keçir. Hər komanda bir-birinə qalib gələ bilir. Mənim fikirimcə, "Qarabağ" çempion olacaq. Həm oyun keyfiyyəti, həm də futbolçuların ustalığına görə artıq arada xal fərqi başlayıblar. Digər yerlər üçün isə amansız mübarizə gedəcək. "Sabah" indi özünə gəlməyə başlayır. Məncə, "Neftçi"nin qeyri-stabil çıxışı davam edəcək. Oyunlarına baxanda bilmək olur ki, problemləri çoxdur. Hücum xəttindəki legionerlər istənilən səviyyədə deyil. Azarkeşlərin də narazılığı var. Bəlkə də futbolçular komandaya tam uyğunlaşmayıblar.

Sabiq komandanız "Qarabağ" 3 cəbhədə mübarizə aparır. Bu amil çempionatdakı çıxışlarına təsir göstərə bilər?

- Çempionatın əvvələrində axsamalar var idi. Artıq bunu yoluna qoyublar. Avrokubokda mübarizə aparsalar belə, eyni zamanda çempionatda da istədikləri oyunu nümayiş etdirməyə başlayıblar. "Qarabağ"ın heyətində hər üç cəbhədə mübarizə aparacaq futbolçular var. Düşünürəm ki, onlara çətin olmayacaq.

"Qarabağ" Konfrans Liqasının pley-offunu təmin edib. Ancaq tarixdə ilk dəfə Avropa Liqasının pley-offuna çıxa bilər.

- Bütün Azərbaycan "Qarabağ"ın Avropa Liqasının pley-offuna çıxmasını gözləyir. Məncə, Ağdam təmsilçisi doğma meydanda "Hekken"i məğlub edib tarixi nəticəyə imza atacaq.