"Berdıyevin tapşırıqlarının heç 30-40 faizini yerinə yetirməmişik"
Azərbaycan Premyer Liqasının lideri "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Mediasport.az saytının suallarını cavablandırıb.
5 tur geridə qaldı və komandanız çempionatın vahid ldieridir. Çoxları bunu gözləmirdi, bəlkə siz də inanmırdız. Fikirlərin maraqlıdır.
- Bəli, 5 tur artıq geridə qaldı. Şükürlər olsun, bu müddətdə 13 xal topladıq. Milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Düşünürəm ki, bəlkə də çox adam bunu gözləmirdi. Komanda ilk gündən toplaşanda məşqçinin inamı, Kurban Berdıyevin əvvəl çalışdığı klublardakı karyerası, onun tapşırıqlarını düzgün icra etməyimiz və s. hamısı bu nəticəyə təsir etdi. Özümüzə inamımız var. Birinci pillədə qalmaq çətindir, lakin komanda olaraq özümüzə güvənirik.
Kurban Berdıyev "Turan Tovuz"da sizə nə öyrədir və hansı tapşırıqları verir ki, komanda qol buraxmır, hətta son çempion "Qarabağ"ı səfərdə məğlub etdiz...
- Həqiqətən də Berdıyevin təcrübəsi çoxdur. Biz də ondan maksimum yararlanmağa çalışırıq. O, öncə özümüzə inanmağı, məşqlərə, iclaslara nizam-intizamla yanaşmağı tələb edir. Başa düşmədiyimiz məqamları yenidən ondan soruşmağımızı istəyir. Deyir ki, mən lövhədə hansısa bir məsələni izah edirəmsə, sonra da onu tələb edirəm. Biz də onu başa düşməyə, dediklərini yerinə yetirməyə çalışırıq. Məncə, hələ Berdıyevin tapşırıqlarının 30-40 faizini yerinə yetirməmişik. Çünki hər məşqdən və oyundan sonra çox işləməli olduğumuzu söyləyir. Baş məşqçimizin verdiyi bütün tapşırıqları yerinə yetirsək, daha yaxşı olacağıq.
"Turan Tovuz" qələbə qazandığı oyunda belə, komanda yaxşı oynamırsa, Berdıyev mətbuat konfranslarında bunu aşkar şəkildə bildirir. Adətən, bəzi məşqçilər komandaları yaxşı-ya pis oynadı: tərifləyirlər. Məsələn, elə son turun "Səbail"lə oyununda qalib gəlsəz də, sənin bir epizodunla bağlı çox narazı qalmışdı.
- Həmişə bizə müdafiədə etibarlı oynamağımızı deyir. 5 oyuna qol buraxmamışıq. Düzü, tapşırıqlarını tam yerinə yetirməsək də, bunu bacarmışıq. Həqiqətən oyundan sonra keçirilən iclaslarda nə qədər səhvlər etdiyimizə göstərir. Bəlkə də düşünülə bilərik ki, qələbə qazanmışıqsa, səhvsiz oynamışıq, rahat olaq və.s. Yox, inanın ki, o qədər səhvimiz göstərir. Üzərində işləməli olduğumuz məqamlar çoxdur. Həmin epizoda gəlincə, anlaşılmazlıq oldu. Rəqib də həmin an bizi sıxırdı. Ötürmə etdim, düşünürəm ki, bunu etməməliydim. Topu uzaqlaşdırsaydım, daha gözəl olardı. Ən böyük hesablı qələbəni "Kəpəz"lə matçda əldə etdik, həmin görüşdən sonra da bizə narazılığını bildirdi. Dedi ki, 20 dəqiqə oynadınız, sonra sizə rahatlıq gəldi. Tapşırıq ki, mütləq 90 dəqiqə mübarizə aparmaq lazımdır. Berdıyev geridə qalan 5 oyunda 40-50 səhvimizi göstərib.
Milli komandaların oyunları ilə bağlı yaranan fasilə relsdə olan "Turan Tovuz"a necə təsir göstərəcək? Ziyanı ola bilər, yoxsa daha yaxşı hazırlaşmaq üçün əlavə 2 həftə xeyrinizə olacaq?
- Yeni baş məşqçinin futbol sistemini qavramaq üçün işləyəcəyimiz məqamlar çoxdur. Düzdür, yığmaların düşərgələrinə yollanacaq futbolçularımız olacaq. İnşallah, zədə olmasın, amma bu hal yaşana bilər. Fasilə həm də beyin cəhətdən artırmağımıza kömək edəcək. Düşünürəm ki, bizim üçün xeyirli olacaq.
Uzun müddətdən sonra sən də milli komandaya çağırıldın. Ən ideal formada olduğun müddətdə Canni de Byazi sənə dəvət göndərməmişdi. Bu dəfə Fernandu Santuş səni və komanda yoldaşın Xəyal Nəcəfovu dəvət etdi. Təəssüratların necədir?
- Əlbəttə, təəssüratlarım gözəldir, yığmanın formasını geyinmək insana qürur verir. Hər futbolçu həmin formanı geyinmək istəyir. Şükürlər olsun, dəvət aldım. Daimi olması üçün çalışacağam. Çempionatda komandama necə xeyir verirəmsə, Allah oynamağı nəsib etsə, millidə də eynisini edəcəyəm. 3 ilə yaxındır ki, milliyə çağırılmırdım. Daim çempionatda oynayıb komandamıza xeyir verməyə və baş məşqçinin inamını qazanmağa çalışırıq. Həmişə öz komandamızı fikirləşirik. Belədə daim göz önündə olursan, millinin baş məşqçisinin də diqqətini cəlb edirsən. Xəyalla milliyə dəvət almağımız məsuliyyətimizi artırır. Çünki orada "Turan Tovuz"dan gələn 2 oyunçu kimi komandamızı təmsil edəcəyik.
Yığmanın oyunları ilə bağlı nə düşünürsən? Tanış rəqiblərdir, Bakıda İsveçlə qarşılaşacağıq, sonra Slovakiya səfəri olacaq. Yeni baş məşqçinin rəhbərliyi altında nəticə mümkündür, yoxsa hələ çox vaxt lazımdır?
- Baş məşqçi milli komandaya yeni gəlib, hələ birlikdə məşq etməmişik. Hər çalışdırıcının öz oyun üslubu olur. Onunla ilk dəfə bir yerdə işləyəcəyik. Vaxtımız da çox azdır. Qısa müddətdə oyuna çıxmalıyıq. İnşallah, baş məşqçinin tapşırıqlarını yerinə yetirib yaxşı nəticə qazanarıq. Məncə, milliyə çağırılan futbolçuların hamısı bunun üçün çalışacaq. Ümid edirəm ki, sərfəli nəticə əldə edərik.
Ötən mövsümün sonlarında seçmə mərhələ oyunlarında millinin heyətinə qoşulan legioner futbolçularımızın durumu daha yaxşı səviyyədə olsa da, gözlənilən effekti vermirdilər. İndisə onların fiziki forması daha aşağıdır, səncə, belədə milliyə necə kömək ola bilərlər?
- Doğrudur, zədəli futbolçularımız da var. Şahruddin, Mahir, Anton oynamayacaq. Xaricdə çıxış edən futbolçularımızın sayı azdır. Amma əminəm ki, milli komandanın oyunları üçün hər kəs ürəyini qoyacaq. Yaxşı nəticə üçün azarkeşlərimizi, xalqımızı, millətimizi sevindirməyə çalışacağıq.
Rövşən ƏLİSOY