Filip Ozobiç: "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inanıram"

Filip Ozobiç: "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inanıram"

Mediasport.az "Neftçi"nin futbolçusu Filip Ozobiçin müsahibəsini təqdim edir:


Ölkəmizdə karyeranızın böyük hissəsi "Qarabağ"la bağlıdır. Yenidən bu klubda oynamaq istərdiniz?

- ⁠Bəli, bu təsadüf deyil ki, "Qarabağ" səfərdə "Braqa"nı udub. Onlar Avropada uzun illərdir yaxşı çıxış edərək səviyyəli oyun nümayiş etdirirlər. Mən 5 il orda oynamışam. İndi bütün fikirlərim "Neftçi" ilə bağlıdır.

⁠Premyer Liqada ikinci yer uğrunda mübarizə və ölkə kubokunu qazanmaq barədə nə deyə bilərsiz?

- ⁠Azərbaycan kubokunu qazanmaq, həmçinin çempionatda ikinci yeri tutmaq şansımız var. Bu mövsüm üçün bunu bacarmaq olar. Məqsədimiz isə çıxdığımız oyunları qazanmaq və azarkeşlərimizi sevindirməkdir.

⁠"Ağ-qara" formada oynamağın məsuliyyətini necə hiss edirsiniz?

- ⁠Oynadığım klublarda özümü göstərməyə çalışıram. Həm mən, həm də digər komanda yoldaşlarımla məşqçilər korpusu əlimizdən gələnin artığını edəcəyik.

8 ildir Azərbaycanda oynayırsınız. Burada rus dilini öyrənmisiz. Azərbaycan dilində nəyə görə danışa bilmirsiz? Millinin futbolçusu kimi Dövlət Himnimizin sözlərini öyrənmisiniz?

- Doğma dilim slavyan qrupuna aiddir. Azərbaycanda bir çoxları rusca danışır. Buna görə də bu dildə danışıram. Amma lazım olduqda oyunçularımıza azərbaycanca məlumat verirəm. Mənim üçün himniniz bir az qəliz və çətin görünə bilər. Bəzi sözlərdə çaşsam da, amma ümumilikdə bilirəm. Himninizi, demək olar ki, oxumağı bacarıram. Amma bəzi sözləri deməkdə çətinlik çəkməyim normaldır.

⁠Azərbaycan yığmasındakı karyeranızı bitirməyi planlaşdırmırsız?

- ⁠Bu suala cavab vermək istəmirəm.

⁠Milli ilə oyunlarda da az-az meydana çıxırsınız. Bu sizin üçün bir siqnal deyil?

- ⁠Bu, məşqçinin qərarıdır. Mən buna nəsə deyə bilmərəm.

⁠Yığmamızın Millətlər Liqasındakı rəqibləri barədə nələr deyə bilərsiniz?

- ⁠Fikrimcə, çox yaxşı rəqiblərimiz var. İsveç və Slovakiya komandaları inkişaf edir. Estoniya yığmasına qarşı da mübarizə aparmışıq. Rəqiblərin hər biri ilə yaxşı oynaya bilərik.

"Qəbələ", "Qarabağ" klublarında oynamışdınız və hazırda "Neftçi"dəsiz. Karyeranızı bu klublardan hansında bitirmək istərdiniz?

- ⁠Hazırda müqavilə ilə "Neftçi"yə məxsusam.

Bu gün Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa" matçı hansı hesabla bitə bilər?

- Portuqaliyalılar çox ciddi komandadır. "Qarabağ" ilk matçda yaxşı nəticə göstərdi. Çətin oyun olacaq. Ancaq "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inanıram.

"Neftçi" "Spartak"la yoldaşlıq oyunu keçiriləcək. Sabiq komandanızla görüş barədə nə düşünürsünüz?

- ⁠Bəli, vaxtı ilə "Spartak"da çıxış etmişəm. Onların heyətində 3-4 oyuna çıxmışam. Çox yaxşı klubdur. Belə komanda ilə oynamaq yaxşı hissdir.

⁠Zaqreb "Dinamo"su, yoxsa "Hayduk"?

- ⁠Bu, ölkəmizdə nəhəng bir derbidir. Neçə ildir "Hayduk" bizim ölkəmizdə çempion ola bilmir. Mən də onların azarkeşiyəm. İnanıram ki, bu dəfə çempion ola biləcəklər.

Bəs "Dinamo"nun futbolçuları sabiq komanda yoldaşın Mahir Emrəli barədə söhbətiniz olub?

- ⁠Mahir özü orda çıxış edir. Onunla bağlı kiminləsə də danışmamışam. Amma Xorvatiyada olanda Mahirlə görüşmüşəm. O, komandasından razı idi. Fikrimcə, Emreli potensialını "Dinamo"da tam göstərmir.

⁠Hansısa oyun var ki, onu xatırlamaq istəməzdiz?

- Xatırlamaq istəmədiyim matç Çempionlar Liqasında "Qarabağ" - "Viktoriya" görüşüdür. Unutmadığım qarşılaşma isə Avropa Liqasında "Qəbələ" - "Lill" oyunudur.