"İstəməzdik ki, qrup mərhələsini 0:5 hesablı ağır məğlubiyyətlə başa vuraq" - Millinin keçmiş kapitanı

"İstəməzdik ki, qrup mərhələsini 0:5 hesablı ağır məğlubiyyətlə başa vuraq" - Millinin keçmiş kapitanı

Futbol üzrə Azərbaycan millisinin sabiq kapitanı, 2-ci Liqada çıxış edən "Şahdağ Qusar"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Mediasport.az saytına müsahibə verib.


Milli komandamızın AVRO-2024-ün seçmə qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsiz?

- İstəməzdik qrup mərhələsini Belçikaya qarşı 0:5 hesablı ağır məğlubiyyətlə başa vuraq. Ümumi götürəndə yaxşı oyun da oldu, pis oyun da. Xüsusilə İsçevə qarşı oyunu müsbət mənada qeyd edərdim. Təbii ki, qazandığımız xallar daha çox ola bilərdi.

İsveçlə oyundan öncə ölkə futbolunda xidmətlərinizə görə rəmzi olaraq qızılı rəngdə çərçivəyə salınan Azərbaycan millisinin forması və xüsusi hədiyyə ilə təltif olunduz. Təəssüratlarınız necədir?

- Oyundan öncə bizi dəvət etməkləri xoş haldır. AFFA-nın baş katibi Sərxan Hacıyevə, Gənclər və İdman Naziri Fərid Qayıbova belə bir mərasim təşkil edib bizi mükafatlandırdığı üçün təşəkkür edirəm. Milli karyeramızı başa vursaq da, bizi yadlarından çıxartmırlar. Düşünürəm ki, tək biz yox, milli üçün can qoymuş futbolçulara bu münasibət olmalıdır.

Sizin dönəmdəki milli komanda ilə indiki yığmanın fərqini nədə görürsünüz?

- Məncə, bizim vaxtda millimiz güclü idi, indi zəifləyib demək düzgün olmaz. Futbolda dəyişiklik çox olur, gündən-günə inkişaf edir. Ancaq ötən illərə baxsaq, hal-hazırda xarici komandalarda oynayan futbolçular çoxluq təşkil edir.

Sabiq komandanız "Səbail" bu mövsüm iddialı çıxış edir. Sizcə, komanda medal və avrokuboka vəsiqə qazana biləcək?

- "Səbail"in uğurlu çıxış etməsi məni sevindirir. Bu mövsüm iddialı təsir bağışlayırlar. Qarşıda bir neçə tur var, tempi saxlaya bilsələr, Avropa arenasına çıxmaq şansları böyükdür.

İlk dəfədir Azərbaycan Kubokunda bu qədər çox komanda çıxış edir. Qusar derbisində komandanız "Şahdağ Qusar" "Qusar"ı penaltilərlə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.

- Kubokda komandaların sayının çox olması xoşdur. Özünə güvənən, gücünü sınamaq istəyən komandalar çıxış edir. Bu addımı çoxdan atsaydılar, yaxşı olardı. Bizim komandaya gəlincə isə növbəti mərhələyə vəsiqə qazanmışıq, sevinirik. Növbəti oyun 1-ci Liqa komandası "Qaradağ Lökbatana" qarşı olacaq. Rəqibimiz güclü olsa da, çalışacağıq ki, qələbə qazanıb mərhələni adlayaq.