Pulunu ala bilməyən futbolçu AFFA və klubdan FİFA-ya şikayət edib
"Araz-Naxçıvan"da forma geyinən Tural Bayramlı ilə sabiq klubu “Səbail” arasında davam edən maliyyə problemi böyüməkdədir.
Mediasport.az xəbər verir ki, AFFA Apellyasiya Arbitraj Tribunalı futbolçunun xeyrinə müsbət qərar çıxarsa da, yarımmüdafiəçi Bayıl təmsilçisindən pulunu ala bilmir.
70 min manatlıq kompensasiyasını ala bilməyən Bayramlı FİFA-ya üz tutub. Ali futbol qurumuna klub və AFFA-dan şikayət edib.
Futbolçunun vəkili dünya futbol təşkilatına rrəsmi şikayət məktubu ilə müraciət edib.
Xatırladaq ki, ötən il dekabrın 27-də Apellyasiya Arbitraj Tribunalı Tural Bayramlının "Səbail"ə qarşı kompensasiya tələbi yerinə yetirilib.
Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı isə ləğv olunub.
Nəticədə "Səbail"in Bayramlıya 70.min manat ödəməsi haqda əmr çıxarılıb.
1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. “İddiaçı Tural Bayramlının cavabdeh "Səbail" Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
3. Cavabdeh "Səbail" Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.