"Prosineçki Azərbaycanda olduğu bütün yerləri hələ də xatırlayır"

"Prosineçki Azərbaycanda olduğu bütün yerləri hələ də xatırlayır"

Uzunmüddətli zədədən qayıdan "Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Mediasport.az saytına müsahibə verib.

Uzunmüddətli zədədən sonra "Budö-Qlimt"lə matçın axırlarında meydana çıxdın, "Zirə" ilə görüşdə 75 dəqiqə oynadın. Vəziyyətin necədir, özünü necə hiss edirsən?

- İki ay yarım idi ki, zədə ilə mübarizə aparırdım. Həqiqətən meydana qayıtmaq çox böyük xoşbəxtlikdir. Təki, bundan sonra zədələr olmasın. Meydanlara qayıtdığım üçün çox sevinirəm. Üstəlik, qələbə qazandıq. Daha da sevincliyəm.

"Qarabağ"a kömək etmək üçün tam hazırsan, yoxsa zaman lazımdır?

- Özümü pis hiss etmirəm. "Zirə" ilə matçda da komandama 75 dəqiqə kömək etdim. Qarşıda iki həftəmiz var. Bu iki həftə ərzində maksimum məşqlə özümü tam bərpa etməyə çalışacam.

Komanda UEFA Avropa Liqasında ilk qələbəni 4-cü turda çətin Norveç səfərində qazandı. Bu haqda nə deyə bilərsən?

- Norveçə getməmişdən əvvəl də "Budö Qlimt"in oyununa baxmışdıq. Onlar həqiqətən məğlub edilməsi çox çətin komandadır. Amma biz bunu bacardıq. Çətin şəraitdə oynamağımıza baxmayaraq, qələbə qazandıq. Bu qələbə növbəti görüşlər üçün böyük sıçrayış olacaq.

Qarşıda dörd oyun qalıb. Avropa Liqasında pley-off mərhələsinə düşmək şanslarını necə dəyərləndirirsən?

- Şanslar barədə danışırıqsa, gəlin, hər oyundan-oyuna ayrı baxaq. Növbəti görüşümüz "Olimpik"ə (Lion) qarşıdır. Onların bu mövsüm Fransa Liqa 1-dəki çox oyunlarını izləmişəm. Çox möhtəşəm komandadır. Ölkə çempionatında da əla çıxış edirlər. Bizi növbəti çətin oyun gözləyir. Ondan sonra isə İsveçdə "Elfsborq"la görüş olacaq. Növbəti soyuq hava, növbəti sintetik meydançada matç. Ona görə şansları gərək, ancaq hər oyundan-oyuna əsasən dəyərləndirək.

Avropa Liqasının yeni formatı elədir ki, bir qələbə komandanı turnir cədvəlində daha yaxşı yerə aparır. "Budö Qlimt" üzərindəki qələbədən sonra "Qarabağ" 36-cı pillədən 29-cu sıraya yüksəldi. İlk "24-lük"də olan komandaların pley-off mərhələsinə vəsiqə qazanacağını nəzərə alsaq, "Qarabağ"a cəmi 5 pillə yüksəlmək lazımdır. Səncə, bunu edə biləcəksiz?

- Əlbəttə ki, mümkündür. Hətta yeni formatda uduzduğun halda da yenə şansları itirmirsən. "24-lüy"ə düşmək bizdən asılıdır. Yanvarda FKSB ilə evdə oyunumuz var. Təbii ki, şanslar həmişə var və mümkündür. Bundan istifadə edərək daha çox xallar toplamaq niyyətindəyik.

Zədəli olduğun üçün uzun müddətdir millyə dəvət almırsan. Baş məşqçiniz Robert Prosineçki və ya federasiya ilə danışığınız olurdu?

- Xeyr, iki ay ərzində heç kəslə əlaqəm olmayıb. Yəqin ki, onlar da çoxdandır zədəli olduğumun və zədəmi sağaltmaqla məşğul olduğumun fərqindədirlər.

Millidə olanda, ümumiyyətlə, Robert Prosineçki ilə Azərbaycan haqda danışırsız, Bakını xatırlayır?

- Əlbəttə, Prosineçki Azərbaycanda olduğu bütün yerləri hələ də xatırlayır. Mən ona getdiyim yerlər barədə məlumat verir. Çox yaxşı xatırlayır. AFFA-da, demək olar, hər kəs yadındadır, tanıyır. Öz aramızda danışıb fikir mübadilələri aparırıq, keçmiş günləri yaxşı xatırlayır.

Elvin