SADIQOV: “Qarabağ”ın olduğu yarışda titul qazanmaq asan deyil"

SADIQOV: “Qarabağ”ın olduğu yarışda titul qazanmaq asan deyil"

Azərbaycan Kubokunun sabah baş tutacaq "Qarabağ" - "Zirə" finalı öncəsi komandaların baş məşqçilərinin mətbuat konfransı keçirilib.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun ardından "qartallar"ın çalışdırıcısı Rəşad Sadıqov da ilk olaraq sabahkı qarşılaşma haqda düşüncələrini dilə gətirib:

- Mövsümün son oyunudur. Kubokun finalında bayram ab-havası hiss olunur. Sevinirik ki, bu bayramın bir parçası olacağıq. Biletlərin də sürətlə satıldığını görürəm. Azərkeşlər oyuna maraq göstərirlər. İkinci dəfə “Qarabağ”la finalda qarşılaşacağıq. Birinci dəfə penaltilər seriyasında rəqib qələbə qazanmışdı. İstərdik ki, bu dəfə də maraqlı mübarizənin şahidi olaq. Ciddi rəqibdir, sonda sevinən tərəf olmaq istəyirik. Oyundan öncə danışmaq mənə həmişə çətindir. Amma layiqli qələbə qazanmaq istəyirik”

Sabahkı finalda da yenidən penaltilər seriyası təkrarlana bilər?

- ⁠Finaldır, hər şey ola bilər. Adətən həlledici oyunlar gərgin mübarizə şəraitində keçir. Sabah nəyin necə olacağını isə bilmirəm. Öncədən proqnoz vermək çətindir.

UEFA ⁠Avropa Liqasında potensial rəqibləriniz müəyyənləşib. Nə deyə bilərsiz?

- ⁠Öncədən nəsə demək çətindir. 7 rəqibdən biri bizik. O haqda düşünmürük. Bütün fikrimiz Azərbaycan Kubokunun finalı ilə bağlıdır. Düşünürəm ki, Avroliqadakı oyunlarımız daha fərqli keçəcək.

“Zirə” məhz sizin vaxtınızda ilk dəfə finala çıxdı və Premyer Liqada da ilk dəfə “Qarabağ”ı məğlub etdiz. Amma komanda ilə yanaşı, sizin də titulunuz yoxdur. Bunu reallaşdırmaq üçün motivasiyanız nə dərəcədə yüksəkdir?

- ⁠Açığı, bir tərəfdən düşünürəm ki, bu il qarşıya qoyduğumuz hədəfi yerinə yetirmişik. İndi daha rahatıq. Sabah final oyununda zövqlü bir matç keçirmək istəyirik. Hamı titul qazanmaq istəyir. Amma “Qarabağ”ın olduğu yarışda titul qazanmaq asan deyil. Biz bu il rəqibə qarşı 4 oyun keçirmişik. Sabah finalda bütün futbolçular maksimum dərəcədə gücünü ortaya qoyacaq. İl ərzində “Qarabağ”a qarşı oyunlarımız pis alınmayıb. Sabah qalib də gələ bilərik, məğlub da ola bilərik.

Komandanızda Vladislav Kulaç cəzalıdır, Fillip Paxtman zədəlidir. Başqa itkiləriniz də var?

- ⁠ Başqa itkimiz yoxdur. Final öncəsi Rüstəm, Məqsəd, İssa Cibriel uzun müddət zədəli olduqlarından formada deyillər. Bizi bu narahat edir. Heç nə etmək olmaz. “Qarabağ”ın da müəyyən itkiləri var. Sabah itkilərin heç bir önəm daşıyacağına inanmıram.

⁠”Zirə” sabah gərgin olmayacaq?

- ⁠Bunu oyundan sonra dəyərləndirə biləcəyik. İki il öncə ilə bu iki komandanı analiz etsək, çox fərqlər var. “Qarabağ” rekord nəticə əldə edib. “Zirə” tarixində də bu il yeni səhifə açılıb. Ona görə hər iki komanda yaxşı inkişaf edib.