"Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik"
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Portuqaliyanın “ojogo.pt” saytına açıqlama verib.
Mediasport.az xəbər verir ki, braziliyalı futbolçu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Braqa" haqqında xoş sözlər deyib.
Ağdam klubunun 35 yaşlı üzvü bu komandaya xüsusi rəğbət bəslədiyini bildirib:
"Portuqaliyaya gedəndən sonra həmişə “Braqa”ya simpatiyam olub. Alan, Lima, Salino, Uqo Viana ilə super komanda qurublar. “Benfika”nı məğlub edərək Avropa Liqasının finalına çıxıblar. “Braqa” sabit komandadır, fəlsəfələrinə uyğun və ortaya fərq qoyan futbolçuları seçirlər. "Qarabağ"a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur".
"Braqa"nın heyətində bir neçə oyunçunu fərqləndirən Azərbaycan millisinin sabiq futbolçusu məqsədlərinin mərhələ adlamaq olduğunu vurğulayıb:
“Alvaro Calo, Rikardo Orta, Xose Fonte, Mateuş, Simon Banzanın adını çəkə bilərəm. Böyük potensiala malik Vitor Karvalyunu çox bəyənirəm. Onu “Jil Visente”dən tanıyıram. Fikrimcə, bu gün yaxşı oyun olacaq. Biz də növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, bu gün Portuqaliyada baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.